Necə oldu ki, ingilis kəşfiyyatının rəhbəri Ərdoğanın etimadını qazandı - sensasion “Networking” kitabından seçmələr Featured

Bu yaxınlarda “Networking” adlı qeyri-adi bir kitab işıq üzü görüb. Onun adı (“Networking”) sosial şəbəkə qurmaq, şəxsi həyatda və karyerada uğur qazanmaq üçün əlaqələrdən istifadə etmək anlamını daşıyır.

Kitabın səhiflərində qeyri-leqal rus kəşfiyyatçıları - uzun illər saxta adlar altında işləyən ər və

arvad Andrey Bezrukov və Yelena Vavilova insanlarla ünsiyyət qurmaqda öz unikal təcrübələrini bölüşürlər. Cütlük oxuculara öz əhatəsinin memarı olmağı öyrədir və həmçinin həyat məqsədlərinə çatmaq üçün əlaqələrdən necə istifadə etməyi anladır. Həyat yoldaşları oxucunu kəşfiyyatçıya çevirmədən (hərçənd,  kimsə bu məsləhətlərdən ilhamlana da bilər) insanları necə başa düşmək və uzunmüddətli məhsuldar əlaqələr yaratmaq barədə sınaqdan keçmiş məsləhətlər verirlər. Onlar şəxsi ekosistemi necə idarə etmək, o cümlədən strateji olaraq əlaqələr şəbəkəsini necə qurmaq və inkişaf etdirmək, cəmiyyətdəki statusu necə yüksəltmək, dostlar qazanmaq və hətta ola bilsin ki, ömür-gün yoldaşı da tapmağın yollarını izah edirlər. 

Kitabdan bir sıra fraqmentləri oxucuların diqqətinə təqdim edirik. 

 

* * *

Geriyə nəzər saldıqda anlayırıq ki, dərin sirr pərdəsi altındakı kəşfiyyatçı karyeramız şəbəkələşmə sahəsində heyrətamiz bir təcrübədir. Gənc əməliyyatçılar olaraq şəbəkəmizə sıfırdan başladıq. İlk getdiyimiz ölkəyə yalnız bir çamadanla gəldik. Biz üç ölkədə sıfırdan uyğunlaşma və yerli cəmiyyətə nüfuz etmə əməliyyatını təkrarladıq. Sonra, ABŞ-dakı sensasiyalı casus qalmaqalından və 2010-cu ildəki mübadilədən sonra dördüncü dəfə Rusiyada da eyni ssenarini reallaşdırdıq. Belə ki, biz vətənimizdə valideynlərimizdən və Rusiya Xarici Kəşfiyyatının qərargahında birgə işlədiyimiz bir neçə əməkdaşdan başqa, praktiki olaraq heç kimi tanımırdıq. Bizim xaricə işləməyə getdiyimizdən 25 il keçmişdi.

İndi bizi keçmiş məktəb, universitet dostlarımız belə tanımırdılar. Strateji əlaqələr şəbəkəsinin necə işlədiyini başa düşmək bizim çoxillik sınaq və səhvlərimizin nəticəsində mümkün olmuşdu. Dörd universitet diplomu və hesabımızda olan minlərlə müxtəlif əlaqələr bizə zəngin təcrübəmizə kənardan baxmaq imkanı verirdi. İllərlə çəkdiyimiz gərgin zəhmət bizim strateji şəbəkələşməyə konseptual yanaşmanı inkişaf etdirməyimizə yardımçı oldu. Kəşfiyyatdakı ilk illərimizə nəzər salsaq, əminliklə deyə bilərik ki, düzgün strategiya ilə silahlansaydıq, o zamanlar tam beş il sərf etdiyimiz məqsədlərə bir və ya iki ilə nail ola bilərdik.

Gəlin aydınlaşdıraq: Şəbəkə qurmaq həqiqətən çox vaxt aparır. Münasibətlərin qurulması bəzən emosional baxımdan yorucu ola bilir. Ancaq gələcəyinizin ətrafınızdakı insanlardan asılı olduğuna və yaxşı qurulmuş əlaqələr şəbəkəsinə sahib olmağın vacib olduğuna qərar versəniz, onu düzgün, strateji olaraq qursanız, çox vaxta və səylərə qənaət edəcəksiniz. Cəmiyyətdə daha əhəmiyyətli mövqeyə doğru uzun səyahətə çıxmağa qərar verdikdən sonra bilin ki, nə qədər irəliləsəniz, bir o qədər asan və əyləncəli olacaq. İstənilən idman növündə olduğu kimi, istər qaçış, istər şahmat, istər tennis, istərsə də qolf, ilk addımlar heç vaxt asan və xoş olmur. Amma sonra müəyyən əzmkarlıqla ikinci nəfəs açılır.

 

* * *

Biz qeyri-leqal kəşfiyyatçılar olaraq, eyni vaxtda üç tapşırığı yerinə yetirirdik. Bizim əsas vəzifəmiz, gözlədiyiniz kimi, kəşfiyyat məlumatlarının toplanması idi. İkincisi isə “real iş” – yəni gündəlik fəaliyyətimiz idi ki, bu da bizə öz gəlirlərimizi və maraqlarımızı izah etməyə imkan verirdi. Üçüncü və çox vaxt ən yorucu vəzifə təmaslar şəbəkəsi yaratmaq və sosial statusu gücləndirmək idi. Uzun müddət əməliyyatçı sənətini mükəmməlləşdirən insanlar özlərində xüsusi yaddaş inkişaf etdirirlər. Necə ki, rəssam əvvəllər gördüyü mənzərəni təfərrüatı ilə canlandıra bilir və ya pianoçu nota baxmadan bir neçə simfoniya ifa edə bilirsə, təcrübəli peşəkar əməliyyatçı da bir çox insanların hekayələrinin təfərrüatlarını və onlarla söhbətlərin xırdalıqlarını illər boyu yadda saxlaya bilir. 

Kəşfiyyatçının əsas silahı onun əlaqələridir. Və onun əsas keyfiyyəti bir çox hallar və insanlarla mübarizə aparmaq, öyrənmək, uyğunlaşmaq, proqnozlaşdırmaq, dözmək, özünü dəyişmək və məqsədinə nail olmaq bacarığıdır. Bir sözlə, ətrafınızdakı əşyaları və insanları anlamaq, onları istəyinizə uyğun təşkil etmək qabiliyyətidir. Təşəbbüs və daxili istiqamət hissi olmadan kəşfiyyatçı dərhal özünü idarəolunmaz çətinliklər və təhlükələr burulğanında görəcək.

 

* * *

Əgər sizdən çox şey istədiyimizi düşünürsünüzsə, bunu 101 yaşında dünyasını dəyişən və “gizli dünya hökuməti”nin liderlərindən biri hesab edilən dünyanın ən böyük şəbəkəçilərindən biri – Devid Rokfellerin yaratdığı sistemlə müqayisə edin. Coan Lublin “The Wall Street Journal”-da yazırdı ki, cənab Rokfeller dünyanın hər yerindən 100 000-dən çox insanla keçirdiyi hər bir görüşün məlumatlarını və təfərrüatlarını 8x13 sm-lik indeks kartlarına qeyd edirdi: 

“O, bu kartlardan təxminən 200.000 ədəd toplayıb və onları xüsusi olaraq hazırlanmış Rolodeks adlı cihaza daxil edib. Yarım əsrdən çoxdur ki, bu 1.5 metr hündürlüyündəki elektron cihaz Nyu-Yorkdakı Rokfeller Mərkəzində saxlanılır. “Chase Manhattan” bankının rəhbəri və görkəmli xeyriyyəçi kimi Rokfeller zəngin və məşhur insanlarla  sərhədləri, maraqları aşan sonsuz sayda əlaqələr qurub. Onun əhatəsində biznes-titan Bill Qeytsdən tutmuş İran şahı, prezident Con F. Kennedi, Papa II İohann Pavel və Aya ayaq basan ilk insan Nil Armstronqa qədər müxtəlif şəxslər var idi. Bu qeyri-adi qeyd sistemi sayəsində o, uzun illərdir görmədiyi şəxslə, sanki sonuncu görüşü keçən həftə olmuş kimi söhbətini davam etdirə bilirdi. 2015-ci ildə öz malikanəsində şam yeməyi zamanı cənab Rokfeller cənab Kissincerə 35 Rolodeks kartının surətini hədiyyə edib. Burada 1955-ci ildə onların ilk tanış olduqları gündən bəri yüzlərlə söhbətləri haqqında qeydlər öz əksini tapıb. Cənab Rokfeller İkinci Dünya Müharibəsi zamanı xaricdə ordu kəşfiyyatında xidmət etdiyi müddətdə təmasların vacibliyini anlayıb”, - deyə Lublin yazırdı. “Mənim effektivliyim tamamilə etibarlı məlumatı olan insanlar şəbəkəsi yaratmaq bacarığımdan asılı idi. Kimisə yenidən görməzdən əvvəl onunla keçmiş münasibətlərimin dərinliyinə tez bir zamanda vara bilirəm”, - deyə Rokfeller 2002-ci ildə xatirələrində qeyd edib. 

Sizi tamamilə inandırmaq üçün bura başqa nə əlavə etmək lazımdır? Xoşbəxtlikdən, bu gün məlumat bazaları üçün xüsusi Rolodekslər icad etmək lazım deyil. Elektron səhifəni açın və diktə edin, qalanını kompüter həll edəcək. Lakin Devid Rokfellerin inanılmaz təcrübəsi bir daha sübut edir: Əgər siz əlaqələr ekosisteminiz üzərində məqsədyönlü və sistemli şəkildə işləsəniz, şəbəkələşmə həyatınızı dəyişə biləcək güclü alətə çevriləcək.

 

* * *

Məsləhətçiləriniz və himayəçiləriniz arasında “yüksələn ulduzların” olması çox vacibdir. Belə ki, onlar öz statuslarını yüksəltdikcə sizi də özlərilə yuxarıya doğru çəkə bilərlər. Kəşfiyyatçı üçün “yüksələn ulduzların” axtarışı ən vacib vəzifələrdən biridir. Bu cür fəal iş öz bəhrəsini artıqlamasıyla verir. Britaniya Məxfi Xidmətinin rəhbəri Riçard Murun misalını çəkmək kifayətdir. MI6-ya qoşulduqdan sonra Mur 1990-cı illərin əvvəllərində Türkiyədə bir neçə il çalışıb. Orada türk dilini öyrənib və yerli “Beşiktaş” futbol klubunun alovlu tərəfdarı olub. Bu isə peşəkar dildən tərcümədə onun İstanbul elitasının üzvlərini öz işinə cəlb etməsi deməkdir. O zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda siyasi karyerasına yenicə başlayırdı. Murun səyləri uzun illər sonra onun Böyük Britaniyanın Türkiyədəki səfiri, eləcə də Ərdoğanın ən dəyərli tərəfdarlarından və nüfuzlu dostlarından biri olmaqla öz bəhrəsini verdi. Şübhəsiz ki, otuz il əvvəl əldə edilmiş birgə tanışların köməyi olmadan bu, mümkün olmazdı.

 

* * *

Statusumuzu yüksəltmək üçün kəşf etdiyimiz qeyri-adi üsullardan biri də daim “hərəkətdə” olmaqdır. Həm səyahət baxımından, həm də öz həyatınızda daimi dəyişikliklər etmək baxımından bu, çox faydalıdır. Uçuşlar, turist səfərləri, kruizlər, ucqar yerlərdəki otellər həm də yeni təcrübələr axtaran maraqlı insanlarla tanış olmaq üçün gözəl imkanlardır. Bu səfərlərdə rastlaşdığınız şəxsiyyətlər orta hesabla daha dinamik, ünsiyyətcil və həyatda daha uğurlu insanlar olurlar. Bu, dost kimi ehtiyacınız olan insanlardır. Səyahət əlaqələri qurmaq və sonra onları inkişaf etdirmək üçün çox çalışsanız, onların bir çoxu karyeranızda növbəti addım ola bilər. Təsadüfən demirlər ki, səyahət aldığın xidmətlər arasında səni zəngin edən yeganə şeydir.

* * *

Özünüzü bir çox cəhətdən sizdən daha yaxşı, daha ağıllı, daha təcrübəli, daha bacarıqlı, daha zəngin insanlarla əhatə etdikcə, siz eyni zamanda sözün hər mənasında öyrənmək və özünüzü zənginləşdirmək fürsəti əldə edirsiniz. Ətrafınızdakı insanlar nə qədər yaxşı və mükəmməl olsa, siz bir o qədər yaxşı olarsınız və həyatınız bir o qədər yaxşı olar. Sonda icazə verin, orta əsr filosofu və şairi Ömər Xəyyamın sözlərini deyək və xatırladaq ki, sizin əhatəniz necədirsə, həyatınız da elə olacaq.

 

Tərcümə etdi: Rüfət Rzayev

 

Şəkildə: Andrey Bezrukov və Yelena Vavilova

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.