Qarabağ – tarixi-mədəni irsimizdən” kitabının təqdimatı olub

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı kitabın təqdimat mərasimi keçirilib.

AzərTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov kitabın gözəl diyarımız olan Qarabağın dünya miqyasında tanınmasında xüsusi rol oynayacağını deyib: “Kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ən qədim və zəngin tarixə malik olan ilk insan məskənlərindən biri olan Qarabağın tarixini, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq, dulusçuluq, milli geyimləri, bədii metal və zinət əşyaları haqqında ətraflı və dərin məlumatlar yer alıb. Qarabağın tarixi zəngin mənbələr əsasında tədqiq olunduqca “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar üzə çıxıb. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir. Əminəm ki, bu kitab alim, tarixçi və xüsusilə, gənc nəslin maarifləndirilməsində əhəmiyyətli yer tutacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək qeyd edib ki, nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan bu kitabla Azərbaycan Qarabağşünaslığı daha da zənginləşəcək. Bildirilib ki, kitabda Qarabağın xristian və İslam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb.

Daha sonra kitabın müəllifləri, tarix elmləri doktoru Vəfa Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva, eləcə də professorlar Qafar Cəbiyev, dosentlər Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd çıxış edərək kitab haqqında öz təəssüratlarını bölüşüblər.

Çıxışçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi hazırlanan və nəşr olunan bu kitabın mühüm əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.

Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur. Kitabda, həmçinin ilk insan məskənlərindən biri kimi Qarabağın adı çəkilir və onun tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.

Tarixi əsərdə insan həyatında önəmli faktor olan pulaqədərki mübadilə vasitələrinin növləri, eynilə ərazidə yaşayan yerli tayfaların digər xalqlarla iqtisadi-mədəni münasibətlərinin inkişafı haqqında məlumat verilib.

Kitabda Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunub.

Qeyd edək ki, “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı nəfis əsərdə, həmçinin 44 günlük haqq savaşımızın təfərrüatları da əks olunub və bu əsər erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqının mədəni irsinə edilən soyqırımına qarşı bir cavabdır və mədəni irsin bərpası istiqamətində yardımçı vəsait ola bilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.