İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
31 yanvar 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxananın başlatdığı “ Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində oğuzlu şair, AYB-nin üzvü, tədqiqatçı Yusif Rzanın görüşü təşkil olunub.
Görüşdə Qəbələ və Oğuzun ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, RİH-in nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, poeziya sevərlər, məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Oğuz rayon MKS-nin direktor əvəzi Nəzakət xanım Qasımova tədbir iştirakçılarını salamladıqdan sonra, Mərkəzi kitabxananın böyük kitabxanaçısı şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
Çıxış edənlər Yusif Rzanın bir Oğuz ziyalısı kimi tarixi və etnoqrafik məqalələrinin, kitablarının Oğuzun tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğundan danışıblar. Yusif Rzanın bir şair kimi öz dəst-xəttinin olduğu, Oğuzun istər poetik, istərsə də elmi məqalələrində mühüm əhəmiyyət daşıyan tarixi mövzulara müraciəti təqdirəlayiq olduğu vurğulanıb. Yusif müəllimə elmi və ədəbi yaradıcılığında uğurlar arzulanıb.
Məktəblilərin ifasında müəllifin şeirləri səsləndirilib, sözlərinə həsr olunmuş mahnılar dinlənilib.
Müəllif iştirakçılara öz kitabını hədiyyə edib. Oxucular tərəfindən şairə yaradıcılığı ilə bağlı suallar ünvanlanıb.
Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)