Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Kimyagər” Paulo Coelyonun ən məşhur əsərlərindən biridir və insanın daxili səyahətini, arzularını və taleyini tapma yolunda keçdiyi mərhələləri təsvir edir. Santyaqo bir çoban olaraq başlayır, amma qəlbinin dərinliyində fərqli bir arzunun – öz xəzinəsini tapmaq istəyinin olduğunu hiss edir. Bu arzu onu İspaniyadan Misir piramidalarına qədər uzun və çətin bir səyahətə çıxarır.
Santyaqo obrazı vasitəsilə müəllif bu əsas məqamları vurğulayır:
1. Arzular və xəyalların dəyəri: Santyaqo öz "şəxsi əfsanəsi"ni izləmək üçün hər şeyi tərk edir. Bu, öz arzularının dalınca getməyin vacibliyini göstərir.
2. Səbir və möhkəmlik: Yolda Santyaqo çətinliklər və sınaqlarla üzləşir. Amma hər çətinlik onu daha güclü edir.
3. Daxili səyahət: Santyaqonun əsas xəzinəsi xaricdə deyil, öz daxilindədir. O, səyahət edərək özünü kəşf edir və həyatın dərin mənasını anlayır.
4. İnam və qorxu ilə mübarizə: Santyaqo öz qorxularını aşaraq inanır ki, kainat onun arzularını reallaşdırmağa kömək edəcək.
Santyaqo ilə mən:
1. Xəyallara sadiqlik:
Santyaqo öz xəzinəsinin arxasınca gedir, mən də öz arzularımın. O, piramidaları xəyal edir, mən isə gələcəyimi: yazıçı olmaq, özümə müstəqil bir həyat qurmaq. Hər ikimiz arzularımıza çatmaq üçün mövcud olan rahatlığımızdan imtina etmişik.
2. Çətinliklərlə mübarizə:
Santyaqo səyahətində çətinliklər görür: soyğunçular, səhra fırtınaları, təklik. Mən də həyatımda çox sınaqlar keçmişəm – ailəm tərəfindən qəbul edilməmək, liseydə qarşılaşdığım təzyiqlər, öz daxilimdəki qorxular. Amma onun kimi mən də irəli getməyi seçdim.
3. Daxili səyahət:
Santyaqonun səyahəti xaricdən daxilədir, mənimki isə daxildən başlayır və gələcəyimə yönəlir. Mən özümü başa düşməyə, keçmişimi qəbul etməyə çalışıram. Mənim üçün ən böyük xəzinə özümü kəşf etməkdir və bu yolda yolçu olduğumu bilirəm.
4. Sevgi və harmoniya:
Santyaqonun sevgisi – Fatima onun həyatına mənalı bir istiqamət gətirir. Mən də sevgimdən ilham alıram. Mənəvi dəstək aldığım, məni həmişə başa düşən və qoruyan bir insanın yanında olmaq məni daha da gücləndirir.
5. Taleyə inam:
Santyaqo inanırdı ki, kainat ona yardım edəcək. Mən də bilirəm ki, hər çətinlik, hər maneə məni daha irəli aparır. Həyatda heç nə boşuna olmur, bunu çox yaxşı dərk edirəm.
Mən öz həyatımın Santyaqosuyam. Onun tapdığı xəzinə piramidaların yanında idi, mənim xəzinəm isə öz içimdədir. O, yolunu sonda tapdı, mən isə yolun özünü tapmağın ən böyük zəfər olduğunu anlayıram.
Mən də taleyimə inanır və bilirəm ki, arzularım məni heç vaxt yanıldan bir işarə deyil.
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)