Noyabrın 27-də Bakı Kitab Mərkəzində “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov əsərin İrəvanın tarixi həqiqətlərini, mədəniyyətini və orada yaşamış tarixi şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu kimi tədqiqatların İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıb.
Professor Dilarə Seyidzadə, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışlarında qeyd ediblər ki, kitab İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətlər haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəridir. Əsər, əsasən, unikal və etibarlı tarixi mənbələrə, eləcə də arxiv sənədlərinə və araşdırmalara əsaslanaraq hazırlanıb.
Çıxış edənlər bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Natiqlər çıxışlarında belə tədqiqatların yerli və beynəlxalq səviyyədə diqqətə çatdırılmasının zəruriliyini vurğulayıblar. Onlar vurğulayıblar ki, bu kimi əsərlərin daha da təkmilləşdirilməsi, bir neçə xarici dilə tərcümə olunması, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir.
Kitabın müəllifi Fəridə Səfiyeva bildirib ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı, İrəvan şəxsiyyətlərinin tanıdılması baxımından kitabın yayılması məqsədəuyğundur.
Onun sözlərinə görə, "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazılıb.
Müəllif kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümid etdiyini söyləyib.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)