Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.
Eynǝl-yǝqin hǝqq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.
Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.
Nəsimi kimi bir ədəbiyyat zirvəsini incəsənətin ən elitar və ən mürəkkəb bir qolu olan operaya daşımaq və möhtəşəm bir nailiyyət əldə etmək! “Nəsimi” operasının premyerası barədə hələ də danışılır və hələ lap çox danışılacaq.
Ötən gün Azərbaycan Milli Konservatoriyasının (AMK) “Bakı” Zalında “Nəsimi” operasının premyerası və AMK-nın milli musiqi təhsili mövzusu altında "Sənət Məbədində bir gün" adlı Mətbuat Konfransı keçirildi.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarından əməkdaşlar, o cümlədən “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı olaraq bəndəniz iştirak edirdi.
Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açdı. Sonra rektor, Xalq artisti Siyavuş Kərimi Azərbaycanda milli musiqi təhsili və müəllifi olduğu “Nəsimi” operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və böyük mədəniyyət hadisəsi kimi qəbul edilən “Nəsimi” operasının əhəmiyyəti barədə maraqlı müzakirələr aparılaraq fikir mübadiləsi oldu. “Nəsimi” operasının ərsəyə gəlməsı barədə danışıldı.
Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi təhsili, AMK-nın tələbələrdən ibarət Xor və Orkestr kollektivləri (bədii rəhbər dosent Leyla Zalıyeva), AMK-da keçirilən tədbirlər, bu təhsil ocağının digər universitetlərdən fərqi və əlbəttə ki, “Nəsimi” operasının yaranması mövzularında ətraflı məlumatlar verildi.
Azərbaycan Milli Konservatoriyasında baş tutan mətbuat konfransı iştirakçılarda xoş təəssüratlar yaratdı və öz işini uğurla başa vurdu.
Kollektivə uğurlar və daha çox nailiyyətlər arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)