Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Gülniyar Qurbanqızının “Vətən fədailəri-I” və “Vətən fədailəri-II” kitablarının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, nəşr Birinci və İkinci Qarabağ müharibəsində Zaqatala rayonunun şəhid və döyüşçülərinə həsr olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov şanlı Zəfər tariximizə nəzər salaraq, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birlik və həmrəyliyi barədə danışıb.

Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin gənclərə bir örnək olduğunu bildirən direktor qeyd edib: “Bu mövzuda qələmə alınan əsərlər çox əhəmiyyətlidir. “Vətən fədailəri” kitabları gələcəkdə bir çox ali və orta məktəblər və kitabxanaların rəflərini bəzəyəcək. Kitabxananın hərbi vətənpərvərlik mövzusunda həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində bir sıra vacib tədbirlər reallaşıb. Mədəniyyət ocaqları bu səpkili tədbirlərin təşkili və təbliği baxımından müstəsna əhəmiyyətə malikdir”.

Yazıçı Yunus Oğuz tarix yazan qəhrəman oğullar sayəsində Azərbaycan xalqının qürur və iradəsinin bərpa olunduğunu, milli ruhumuzun geri qaytarıldığını diqqətə çatdırıb. O, qəhrəmanlıq yolunun, döyüş xatirələrinin gələcəkdə dərsliklərə salınması, məktəblərdə tədris olunması, ssenarilərin yazılması və filmlərin çəkilməsi zərurətindən danışıb.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev Zəfərimizin bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin qələmə alındığını və gələcəkdə də yazılacağını əminliklə dilə gətirib. “Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan, əzəli Azərbaycan torpağı olan Qarabağ uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanlarımız haqqında məhz belə bölgələrə bölünməklə məlumatların toplanması və sonradan kitab formasında çap olunması olduqca təqdirəlayiqdir”, - deyə o əlavə edib.

Vətən müharibəsi iştirakçıları qazi, mayor Yusif Hümbətov, baş leytenant Pətərək Fərzəliyev, qazi Vüsal Səttarov döyüş xatirələrini bölüşərək, yüzlərlə Poladların, Mübarizlərin, Xudayarların qisasının döyüş meydanında alındığını, şəhidlərimizin qanlarının yerdə qalmadığını böyük qürur hissi ilə dilə gətiriblər.

Kitabxananın əməkdaşı Lamiyə Sarıyeva gənclərin Azərbaycanın şanlı döyüş yolunun, tarixi həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması yönümündə daim çalışmalı, yaşadıqları ölkənin qədim tarixini, mədəniyyətini, ədəbiyyatını mükəmməl bilməli olduqlarını vurğulayıb.

Kitabın müəllifi Gülniyar Qurbanqızı uzun və məsuliyyətli yolun sonunda belə bir kitabın ərsəyə gəlməsinin özünə, xalqına bir Vətən töhfəsi olduğunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.