“Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

 

Ötən gün tənqidçi-esseist Ülvi Babasoyun “Hədəf” nəşrlər evində çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” adlı kitabının təqdimatı və imza günü keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti olan Ülvi Babasoy ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində diqqətçəkən fəaliyyətlə məşğuldur və çağdaş ədəbi prosesə qatqı verən şəxslərdəndir. Bu təqdim edilən kitab da dərs vəsaitidir. 

 

Təqdimatı departamentin müəllimi, fil.ü.f.d. Qardaşxan Əzizxanlı giriş sözü ilə açaraq kitab barədə, onun məziyyətləri barədə  danışdı. 

Professor Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, müəllimlərfən fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri - Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğuladılar. 

Təüdimatda naşirlər - “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir də çıxış edərək ürək sözlərini söylədilər. 

Təbii ki, təqdimata yazarlar da qatılmışdılar.  Mübariz Örən, Nərmin Kamal, Şərif Ağ, Qan Turalı, Səxavət Sahil də müəllif və kitab barədə xoş sözlər söylədilər. 

Tədbirin sonunda Ülvi Babasoy kitablarını imzaladı. Müəllif onu da etiraf etdi ki, bu kitabı tələbələrinə ithaf edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.