Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aprel ayının 24-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məhşər Divanı: YALANIN 17 ANI” kitabının təqdimat mərasimi keçirildi.
Öncə görkəmli yazıçı Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova ev sahibəsi qismində qonaqları salamladı, daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babillaoğlunun moderatorluğu ilə tədbirə qatılanlar yazıçı və kitab barədə ürək sözlərini söylədilər.
Millət vəkili Ceyhun Məmmədov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, keçmiş səfir Tofiq Zülfüqarov, Ədəbiyyat Fondunun baş direktoru Varis, yazıçı Səyyad Aran, tənqidçi Əsəd Cahangir və digər çıxışçılar bu sənədli romanın bədii məziyyətlərindən, onun ictimai-siyasi əhəmiyyətindən danışdılar.
Mərasimin bir özəlliyi də əsərin səhnə təcəssümünün nümayişi oldu.
Quruluşcu rejissor Bəhram Osmanov 15 dəqiqəlik mini-tamaşada kitabın mesajının qonaqlara çatdırılmasına yardımçı oldu.
Xatırladaq ki, 445 səhifəlik sənədli romanda eyni millətin - erməni millətinin nümayəndəsi olan 17 nəfərə utopik divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müqəssir kürsüsündə əyləşirlər, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir.
Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır.
Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).
Tədbirdən sonra müəllif mediaya açıqlama verdi və aşağıdakıları bildirdi:
“Məhşər Divanı: Yalanın 17 anı” əsəri uzun müddət ərzində ərsəyə gəlib. Kitabın ilk təqdimatı 2022-ci ildə Bakı Kitab Mərkəzində olub. Bu, mənim qan yaddaşıma uşaqlıqdan hopan hadisələrin nəticəsində yazılıb. Bundan sonra uzun illər tarixi araşdırmalardan sonra kitabın yazılmağı ilə bağlı qərar verdim.
Bütün dünyaya məlum olmalıdır ki, erməni terror təşkilatları sayına görə dünyada birinci yerdədir. Ən vacibi isə odur ki, ermənilər ümumiyyətlə, dünya tarixində ən çox terror hadisələri törədən təşkilatların rəhbərləridirlər. Kitabın təqdimatının aprelin 24-də keçirilməsi təsadüfi deyil. Bu gün yalançı erməni soyqırımı günüdür. Kitabda mənfur düşmənlərin iç üzləri göstərilir”.
Nəzərinizə çatdıraq ki, əsərin tezliklə daha 2 dildə - türk və erməni dillərində də çapı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)