“Azərkitab” kitab mərkəzi növbəti kitab təqdimatına qucaq açıb. Bu dəfə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: Misir” kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən tədbiri MM Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı aparıb. Əkbər Qoşalı Azərbaycan və Misir arasındakı ədəbi-mədəni, tarixi əlaqələrdən, Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, Qənirə Paşayevanın yeni kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandırıb.
Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanıni salamlayıb, eyni zamanda digər tədbir iştirakçılarına - Azərbaycan parlamentinin üzvlərinə, ədəbiyyatşünaslara, tarixçilərə, şərqşünaslara, yazarlara, QHT və KİV nümayəndələrinə gəldikləri üçün minnətdarlıq bildirib.
Qənirə Paşayeva Misir Ərəb Respublikasına sevgisini məşhur şəqrqşünas alim, əmisi Qəzənfər Paşayevdən əxz elədiyini bildirib, Misirə səfərlərindən, orada beynəlxalq konqreslərdə, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb.
O deyib:
-Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına və dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi və ictimai tədbirlərdə iştirak imkanım oldu və nəhayət Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etmək üçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özüm üçün müşahidələr aparır, qeydlər edirdim. Nəhayət dostlarla birgə o müşahidə və qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir, yaxud mənim gözümdən görünən Misiri anladır. Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldiyiniz üçün təşəkkür edirəm.
Misirin Azərbaycandakı səfiri Adel İbrahim kitaba və təqdimata görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki tarixi Zəfər münasibətilə bir daha təbrik edib.
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ceyhun Məmmədov, işçi qrupunun üzvü İlham Məmmədov, deputatlar Aydın Hüseynov, Bəhruz Məhərrəmov, professor Qəzənfər Paşayev, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova tədbirdə çıxış edib, ürək sözlərini bölüşüblər. Çıxışçılar “Sirlər dünyasına səyahət: Misir” kitabını bələdçi və elmi-publisistik janrlı əsər kimi xarakterizə ediblər.
Daha sonra çay süfrəsi arxasında qonaqlar - media mütəxəssisi Qulu Məhərrəmli, şairlər Elçin İsgəndərzadə və Elxan Zal, yazıçı Varis Yolçiyev, aktyor Ruslan Sabirli, “Çölçü” hərəkatının rəhbəri Eltən Qədimbəyli və digərləri Qənirə Paşayevaya ərsəyə gətirdiyi yeni kitaba görə xoş sözlərini çatdırıblar.
Qeyd edək ki, kitab “CBS” mətbəəsində rəngli və nəfis tərtibatla çap olunub. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayevdir. Kitabın redaktorları – şairlər Elman Tovuz, Əkbər Qoşalı və İbrahim İlyaslıdır.