Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimindən reportajını dərc edib. “Ədəbiyyat və incəsənət” həmin reportajı Daycest bölümündə sizlərə təqdim edir.
Yadımdadı...
Nənəm ustufca çəliyini pəncərədən çıxarıb bərkdən hayladı məni:
- Pal-paltarı teldən götür, bir azdan bir leysan yağacaq ki, Babadağı yuyub aparacaq.
Kitabı qoltuğuma vurub həyətə düşdüm.
Bir-bir atırdı...
“Bura belədisə, gör indi Babadağda necədi...”
* Kubinkanın yazılı-şəkilli divarlarının müşayiəti ilə gedirik.
Bu küçələr də bizim kimi qəribdir.
Tək-tək adamlar gözə dəyir.
Ayaqların altında söndürülmüş siqaret kötükləri bir-bir atan yağış damcılarının ilığında uyuyur...
Maşından düşüb asta addımlarla irəliləyirəm.
Qərib-qəribə qoxu evlərin pəncələrindən boylanır.
*
Qanadın yorulmasın, Məndən sonra uçan Quş, Sağlığa uçasan səni. Məndən sonra gələn Qış, Soyuğun sünbülə dönsün, Gül kimi açasan səni.
*
Mövlud Süleymanlının evinin qarşısındayam.
Təkəmseyrək adamlar göz dəyir.
İrəlilədikcə yaddaşımın tozlu rəfindəki əsərlərini vərəqləyirəm…
Səmti bilinməyən sazaq var.
Ağ yeldənmi?
Qara yeldənmi?
* Çingiz Abdullayevlə Sayman Aruz yanaşı dayanıb nədənsə danışırlar.
Salam verib cənazə yerinə yaxınlaşıram.
*
Yadımdadı...
Paltarlar əlimdə darvazaya qaçdığım...
Qapı açılan kimi qonşumuz teylənmiş qaranquş kimi özünü həyətə atdı.
Dalınca da qızı...
İçəri girən kimi qapını bərk bağlayıb cəftəsini keçirdi:
- Gəlir.
Darvazadan boylandım. Əri səndələyə-səndələyə qapımıza tərəf gəlirdi.
“İçki girən evdən bərəkət qaçar” demişdi nənəm.
Yağış ulduz kimi axırdı onda…
*
Xatırlamağa çalışıram:
“Mənə axırıncı dəfə hansı ölüm, hansı itki bu qədər təsir eləmişdi?”
“Hansı ölüm, hansı itki yaddaşımın yad küçələrində azdırmışdı məni?”
*
Mövlud Süleymanlı…
Bu böyük yazıçı “bütün canı ilə görə-görə dünyanın üstüylə addımlayıb” köçünü sürdü bu fanilikdən…
Onu son mənzilə isə bir ovuc adam yola salır.
*
Məndən sonra axan Su, ruhumdan keç. Beləcə bütöv, sağlam, duru, Aranımdan, Dağımdan keç... Məndən sonra gedən Yol, Mən sənə vardım getdim... səni başa varasan. Məndən sonra gələn Söz, səni aradım, getdim, həmişə uca durasan!...
* Fotolar…
Mikrofonlar…
Kameralar…
Gözüm ustad yazıçının qələm yoldaşlarını axtarır.
Haman anda əvvəlcə Rəşad Məcidi, sonra da Xalq yazıçısı Anarı görürəm.
Sakit, təmkinlə bizə doğru yaxınlaşırlar. Daha sonra kənara çəkilib yazıçı ilə xatirələrini bölüşürlər.
*
Yadımdadı...
Həyətin ortasındakı o kitab...
“Dəyirman”...
Zoğal ağacının çətirlənib qoruduğu “Dəyirman”...
Onu ildırım sürətilə götürüb paltarımın altına salmağım...
Həyəcanla ora-burasına baxmağım...
*
İllərini ədəbiyyata, sözə həsr eləyən bir yazıçıya beləmi vida edəcəkdik?
Belə səssiz-səmirsiz?
Heç nə olmamış kimi…
*
Sabir Rüstəmxanlı gəlir.
Rəşad Məcid ona yaxınlaşıb jurnalistlərlə danışmağını istəyir.
O da asta səslə jurnalistlərin suallarını cavablayır.
Qarşı tərəfdə isə Orxan Fikrətoğlu Mövlud Süleymanlı ilə bağlı fikirlərini bölüşür.
*
“Aramızda yalan olmadı... Biri üzündən aldı, Biri tozundan aldı, Özündən alan olmadı... “
*
Tədirgincə ətrafda dolaşıram.
Haqqında yazılar yazan adamların heç biri gözümə dəymir.
Alik Əlioğludan savayı…
O, özünün də dediyi kimi, dostunu fanidən əbədiyə yola salmağa gəlib.
*
Yadımdadı...
Mövlud Süleymanlı adı hələ taaa o vaxtlardan...
Evimizin qabağından rəngbərəng atların keçdiyi simli-mizrablı zamanlardan...
Fəqət mən, sən, o...
Bəs başqaları?..
Digərləri...
Ədəbiyyatın sərin mehinin insanımızdan uzaq düşməsidirmi yaşadıqlarımızın səbəbi...
* Bir hönkürtü ayırır məni keçmişdən.
Orta yaşlı bir qadının hönkürtüsü.
Qapıdan çıxarırlar cənazəni…
“O yamacın o gülünnən, bu yamacın bu gülünə sevgi gətirən yellərin” laylasında…
Cənazəni çiyinlərdə gətirib yerə qoyurlar.
*
Yadımdadı...
Unudulmuş adamların gözləri...
Zəncirotunun sovrulan tükləri...
Yadımdadır...
Unudulmuş adamların əlləri...
Nimdaş paltarda əriyən qar dənələri...
Dərə ağaclarının çəhrayı yuxusu...
Yadımdadı...
Don Kixotun küt qılıncı...
Darvazamızı bərk-bərk bağlayıb ürkək-ürkək pəncərəmizdən baxan gəlinin quluncu...
*
Molla hamımızı qibləyə doğru dayanmağa çağırır.
Hamımız bir nəfər kimi qibləyə dayanıb sonuncu duanı edirik.
Dua oxunduqca fikrimda sıra dağlar…
Kələ-kötür yol-yolaclar…
Dua bitir. Gözlərimi açıram.
Şəhərin daş, beton çığırtısı qulaqlarımı batırır, amma özümü o yerə qoymuram.
Karlığımı ələ verməyib salamlaşıram hamı ilə…
*
Mən heç nəyi unuda bilmədim...
Yadımdadır rəngini itirmiş saçlar və ağaclar...
Tel paltarları...
Babadağ...
Paslanmış cəftə...
Spirt qoxusu...
Çatlamış pəncərədən görünən zoğal ağacları...
Nəm “Dəyirman”
Süleymanlı Mövlud...
Mən heç nəyi unuda bilmədim...
Bəs başqaları?..
Digərləri?..
*
Yavaş-yavaş dağılır hamı…
Yavaş-yavaş uzaqlaşır keçmiş…
Yavaş-yavaş “iri-iri açılan göyümsov gözləri”ni ovuşdurur indi …
Üç yüz ilin başından çıxan köç Mövluddan da keçib gələcəyə gedir.
“Məndən sonra gələnlər, Sağlıqla yaşayın, Amma bilin ki, Doğulan kimi vaxtın oğlu olur Adam, Bilin ki, gedənlər də elə-belə getmir, Gedəndə də qalır Adam...”
“Ədəbiyyat və incəsənət”
(22.02.2024)