Niyazinin Mənzil Muzeyində “Sadəcə Niyazi” kitabının təqdimatı olub

 

Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” və “Niyazi xatirələrdə” kitablarının təqdimatı olub.

AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər iki kitabın musiqi ictimaiyyəti üçün bir töhfə olduğunu söyləyib.

A.Bayramova qeyd edib ki, “Niyazi xatirələrdə” kitabında dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

“Sadəcə Niyazi” kitabının müəllifi Əlisəfdər Hüseynov görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Qeyd edib ki, Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.

Ə.Hüseynov Niyazinin musiqi aləmində bir ulduz kimi parladığını, istedadı və peşəkarlığı ilə yeni zirvələrə yüksəldiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər Niyazinin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Niyazinin yozumunda milli bəstəkarların bir çox əsərləri dünya musiqisinin qızıl fonduna daxil olub.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Bədii hissədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, musiqişünas və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilib.

Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırıb. 
Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və sair əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülüb.

Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.