Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində bu ölkənin Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsəri və alim, tərcüməçi Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə” əsərinin də təqdimatı keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini tədbirdə Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli təmsil edib. O, Özbəkistanla bütün sahələrdə olduğu kimi dövlətlərimiz tərəfindən mədəni əlaqələrin inkişafında da böyük işlərin həyata keçirildiyini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Elmlər Akademiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Akif Marifli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsi layihəsindən danışaraq bunu Azərbaycan və Özbəkistanın mədəni həyatında böyük hadisə adlandırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında həyata keçirilən mədəni layihələrdən danışıb, bu mövzuda indiyədək 90-dan çox adda kitabın özbək dilində çap edildiyini bildirib. Diplomat böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaratdığını vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvai haqqında tezislərlə çıxış ediblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.