Seyid Aynurun “Lal gəmilər” şeirlər kitabı təqdim olundu

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Noyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şair Seyid Aynurun “Lal gəmilər” şeirlər kitabının təqdimatı keçirildi. Qeyd edim ki, “Lal gəmilər” müəllifin oxucularla ilk görüşüdür. 

 

KƏPƏNƏK

Gözlərimin içində məskunlaşmış atom hissəciklərinin

göyün üzünə səpələnmiş bütün ulduzların sayından

Trilyon dəfə çox olduğunu dəqiq bildiyim üçün

deyə bilərəm ki, məhəbbətin gözü kor deyil.

İnanmırsan, işıqları söndür

gözlərimin içinə bax.

Gəl, ümumdünya cazibə qanununu pozmayaq,

qollarımızı geniş açıb qucaqlaşaq səninlə.

Nə oldusa, bu gün oldu...

Ömrümün ən uzun tıxacına düşəndən bəri

İllərdir sənə doğru gəlsəm də

səni gördüyüm heç bir dayanacaqda tapmadığımı anladım.

Özümü ayaqları ilə dad alan

kəpənəklər kimi hiss edirəm:

Anam atamdan ayrılandan bəri

neçə bayramdır,

“Uşaqlıq” adlı sehrli şəhərə

düşmür yolum.

 

Bəli, bu bir Seyid Aynur şeiridir. 

Təqdim edilən kitabda onun şeirləri ilə yanaşı, esseləri də yer alıb.

Tədbirdə çıxış edən AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli Seyid Aynuru istedadlı bir şair kimi xarakterizə etdi və onun əsərlərini bədii cəhətdən yüksək qiymətləndirdi. Bildirdi ki, kitaba müəllifin sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzularında yazılmış şeirləri toplanıb. O, oxucuları bu şeirlərlə yaxından tanış olmağa çağırdı. 

Daha sonra çıxış edən digər AYB katibi  Səlim Babullaoğlu Seyid Aynur yaradıcılığını digərlərindən fərqləndirən cəhətləri qabartdı. 

Təbii ki, ən çox maraq doğuran kitabın “Ön söz” müəllifi, tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusiflinin çıxışı oldu. Tənqidçi “Lal gəmilər” şeirlər kitabında yer alan şeirlərin məziyyətlərindən danışaraq onun poeziyaya münasibətini yüksək dəyərləndirdi. O, Seyid Aynurun Xocalıya, Qarabağa və müharibədə döyüşən əsgərlərimizə həsr etdiyi bir neçə şeirindən bəhs etdi, dedi, bu şeirlərin müəllifinin qarabağlı olduğunu düşünürəm, amma dəxli yoxdur, heç qarabağlı olmasın, amma o hisslər, o yanğılar ki, var onların ürəyin kardioqrammasından keçib, o hissləri, o yanğıları vaxtilə Qarabağ həsrətiylə çırpınan, indi isə qələbə sevinciylə yaşayan bir şair-qadın yaza bilər. 

Tədbirdə tanınmış şairlər Qəşəm Nəcəfzadə, şair-publisist Narıngül Nadir də  çıxış edərək müəllifi təbrik etdilər, ona yeni uğurlar arzuladılar. 

 

Kitabda Seyid Aynurun həm yeni, həm də uzun illər ərzində qələmə aldığı şeirlər toplanıb. Bu poeziya nümunələrində Qarabağ savaşı və onun insanların taleyinə gətirdiyi itki və mənəvi iztirabları olduqca dolğun təsvir edən müəllif Allaha sığınmaqla bir növ bütün əziyyətlərdən qurtulmaq istəyir, son nəticədə kədər göz yaşları qüdrətli ordunun yaşatdığı qələbə sevincinə qarışıb yoxa çıxır.

Qeyd edilib ki, kitabda şair öz oxucularına yapon şeiri olan haykuları təqdim edir və o, burada Yapon ədəbiyyatındakı haykuların tələblərinə tam şəkildə əməl edib. “Bir sözlə müəllif istər şeirləri, istərsə də esselərində sanki külli-aləmi danışdırmaq istəyir”,- deyə natiqlər bildiriblər.

 

Və sonda müəllif barədə:

Seyid Aynur 1987-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. "Ulduz" jurnalı, “Kaspi”, “Ədəbiyyat” və “525-ci qəzet”lərində şeir və esseləri dərc olunub. "Naxış" adlı bir hekayənin müəllifidir. 2018-ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiyasında şeirləri dərc olunub. Şeirlərində sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib. Hazırda beynəlxalq səviyyəli İnsan resursları mütəxəssisi olaraq HR sahəsində fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.