Noyabrın 14-də Türkiyənin Prezident Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyi, “İrs” nəşriyyat evi və “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi kimi çap olunan “Şuşa – zirvədən uca” kitabının təqdimatı və fotosərgi keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. Verilən məlumata görə, tədbirdə Türkiyənin tanınmış dövlət və ictimai xadimləri, o cümlədən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.
Bildirilib ki, “Şuşa – zirvədən uca” kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi ilə bağlı faktlar və fotolar əksini tapıb.
Sonra tədbir iştirakçıları Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə tanış olublar.
Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.
Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)