Ulduz Qasim İmanova, “Ədəbiyyat və incəsənət” üçün
Əməkdar jurnalist, müharibə veteranı, prezident təqaüdçüsü Əntiqə Qonaqla şəxsi münasibətlərimizdən söz açmayacam. Bircə bunu deyim ki, bir yerdə oxumuşuq. Tələbəlik illərimiz bir yerdə keçib, jurnalistikanın sirlərini birlikdə öyrənməyə can atmışıq. Müəllimlərimizin dedikləri ömürlük yaddaşımıza yazılıb. Gecəmiz-gündüzümüz bir-biriylə yarışıb. Allahdan savayı pənahımız olmayıb, həmçinin arxamızda duran kimsəmiz də yox. Yuxarıda Allahın köməyinə inanıb, aşağıda da gözümüzü kitablardan ayırmamışıq. Nə deyiblərsə etmişik, nəyi tapşırıblarsa oxumuşuq. Bilmişik ki, imtahan zamanı bizdən ötrü heç kimə zəng etməyəcəklər, daha doğrusu, zəng edən olmayacaq. Kimsənin minnətini götürmədən oxumuşuq. Günümüzün yarısı auditoriyalarda, yarısı kitabxanalarda keçib. Gecələri yatmamış, gündüzləri dincəlməmişik, ali təhsilimizi layiqincə başa vurmuşuq.
Bir də universiteti bitirdikdən sonra iki ilə yaxın bir neçə radio verilişini bərabər hazırlamışıq. “Nəğməli, sözlü tələbə”, “Nəğməli, sözlü gənclik”, “Natəvan” qızlar klubu” və s. İlk jurnalist təcürbələrimizi ortaya qoymuşuq bərabər...
Heç çox oturub-durmağa belə zaman tapmamışıq.
Bax, o qızı mən belə tanıyıram.
Əntiqə Qonaq...
Qarabağ deyiləndə yadımıza nələr gəlmir? Gözəlliklər, gül-çiçəklər, başı qarlı dağlar, sərin sulu, şirin sulu bulaqlar, laləli-bənövşəli yamaclar, düzlər... Meşələr, çaylar, Xan Arazımızın laylaları, Həkərinin lal axışı, İsa bulağı, Topxana meşələri, Cıdır düzü, Şuşanın təkrarolunmaz gözəllikləri. Qədim daş küçələri, özünəməxsus arxitekturası, ecazkar xarı bülbülü... Vüqarlı dağlarla əhatə olunan Kəlbəcər, Laçın baxışlı Laçın, daha nələr-nələr... Haralar və kimlər...
Bir də...bir də müharibə...
Qaçqınların zülümlü, kədərli günləri, göz yaşları, əzabları...Bir də bu əzabları hamıdan çox görən igidlərimiz. O igidlər ki, Füzulidən, Cəbrayıldan tutmuş Laçına, Şuşaya qədər qarış-qarış getdilər, düşmənləri torpaqlarımızdan təmizlədilər. O igidlərimiz ki, "uf" demədən canlarını qurban verdilər. O igidlərimiz ki, “Vətən dardadısa bizə yaşamaq haramdı" - dedilər. "Övladlarımız atasız, analarımız oğulsuz, bacılarımız qardaşsız, gəlinlərimiz ərsiz qalsa da, qurtarmalıyıq yurdlarımızı düşmənin əlindən. Hamıdan, hər şeydən müqəddəsdi, ucadı, birincidi Vətən..."
Onların hamısı yalnız əzabla inləyən torpaqlarımızı düşündülər. İllərdir işğal altında sızlayan torpaqlarımızı varvarlardan azad etdilər. Düşmənə "mən qorxmuram, burdayam, qeyrətin varsa çıx ortaya" - dedilər. Şəhid oldular, qara bağladıq, yas tutduq. El oğulları üçün ürəyimiz yandı, qəlbimiz od tutdu. Göz yaşlarımız selə-suya döndü. Hamımız onların anası-bacısı olduq. "Bizimdi bu şəhidlər" dedik...Qazan xanın oğlu üçün ağlayan qırx qız kimi bir ağızdan sızladıq, bir ağızdan ağladıq. İçimiz göynədi...
Bir də həmin müharibədə əvvəldən sona qədər döyüşənlər - qazilərimiz, igidlərimiz var. Gecəsini-gündüzünə qatıb əli silahlı qələbəyə gedənlər. Nəm torpağın, daşların üstündə, səngərlərdə yatanlar, qalib əsgərlərimiz var...
Şuşanın azad olunduğu gün dünyaya səs salan, Türk aləminə müjdə verənlər var. “Şahid olun, ey dağlar, ey uçan quşlar, ey əsən külək, ey ağaclar, ey güllər-çiçəklər, biz qalib gəldik. Biz düşməni məhv etdik!” - deyənlər var.
44 günün hamısını əzab-əziyyətlərlə varvarlarla göz-gözə dayananlar var. Şəhid olan qardaşlarının qanını yerdə qoymayanlar, onları çiyinlərində yorulmadan, usanmadan daşıyanlar var. Şəhidlərimizin qanını alanlar var. Bir əlində silah, bir qolunda qardaşını, döyüş yoldaşını daşıyanlar var...
Və bir də, və bir də sona qədər vuruşan o qəhrəmanların hər gününü, hər anını onlarla yaşayan bir qız var. Bir qız deyirəm, çünki o mənim üçün həmişə o gənclik illərində qalıb, heç yaşa dolmayıb. Bax, o qızdan, onun həmin igidlər barəsində yazdıqlarından danışacam...
Əntiqə Qonaq...
Bilirəm haralardan keçdiyini, bilirəm müharibə zonasında kimlərlə, nələrlə qarşılaşdığını... Hamı evində, uşaqlarının yanında oturub, isti çayını içəndə onun günləri əsgərlərin dərdlərini dinləməklə, yazmaqla keçib. Ailə qurmaq yaşının çatdığını belə unudub. Tay-tuşları evlənərək ailə, oğul-uşaq sahibi olanda yaşının üstünə yaşın gəlməsinin belə fərqinə varmayıb. Ailəsindən, evindən keçib. Xoşbəxtliyindən, səadətindən keçib. Çox şeyindən keçib. Bir də gözünü açıb ki, yaşı otuzu keçib, o hələ də hərbi yazar kimi səngərlər dolaşır, ən sevdiyi missiyanı yerinə yetirir. Vətən sevgisi budur. "Mən burdayam ey Vətən, son anıma qədər dərdinə yanacam!"- deməkdir. "Sənin darda olmağın içimi yandırır, qəlbimi təlatümə gətirir!" - deməkdir. "Nəyə gücüm çatırsa, kömək əlimi uzadaram, ömür haracan vəfa edərsə, oracan gedərəm" - deməkdir. "Təki sən məni çağır, məni övladın san..."
İçin-için ağlayıb eşitdiklərinə, gördüklərinə. Hələ Birinci Qarabağ Müharibəsində yaralıları hansısa xəstəxanaya yerləşdirmək üçün kimlərə ağız açmayıb, kimlərdən xahiş etməyib, kimlərin minnətini götürməyib? Minlərcə dəfə şahidi olmuşam “Aslanın erkəyi, dişisi olmaz” misalının çox doğru və yerində deyildiyinin.
O bütün Qarabağı dolaşıb. Azərbaycanda cəbhə bölgəsinə gedən azsaylı qadın jurnalistlərdən, ilk qəhrəmanlardandı Əntiqə... Əslində, belə jurnalistlər də əsgərdi. Həm də ən cəsurundan. Hələ Birinci Qarabağ Müharibəsi zamanı Əntiqə Qonaq, demək olar, bütün Qarabağı gəzib, dərdlilərin dərdini dinləyib, yoxsulların dediklərini lazımi yerlərə çatdırıb, gücü çatanlara kömək əlini uzadıb. Atəşlərin altında belə heç nədən qorxmayıb, çəkinməyib. Budur qəhrəmanlıq, budur vətənpərvərlik, budur Vətən sevgisi, Vətən sevdalısı...
Elə həmin illərdə “Vətən səndən keçmək olmaz!”, “Ölməzlik”, “Qərib savaşçı”, “Vətən keçilməz” və başqa kitablarını yazıb.
Əməkdar jurnalist, Qarabağ müharibəsi veteranı, bir neçə nüfuzlu mükafata layiq görülmüş Əntiqə Qonaq Xaçmaz rayonunun Maqsudkənd kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Daha sonra da, həmin universitetin hüquq fakültəsində təhsil alıb. İşlədiyi yerləri yazmayacam. Məni daha çox onun igidliyi, vətənpərvərliyi, Qarabağla bağlı fəaliyyəti, müharibə haqqındakı fikirləri, onun vətənə olan sonsuz və bitməz sevgisi düşündürür.
Və təbii ki, bu günlərdə çapdan çıxan iki kitabı... Xaçmazlı döyüşçülərdən, qazilərdən bəhs edən “44 günlük savaşın 444 cəngavəri” adlı kitabdan danışmaq istəyirəm. İki kitaba sığışdırdığı 352 nəfər müharibə iştirakçısı barəsində yazdıqları. (Üzərində çalışdığı üçüncü kitabda 444 igidin hamısı təmsil olunacaq). Onların ürək sözləri, həyəcanları, döyüş şücaətləri, qəhrəmanlıqları. Bir igidlik səlnaməsinin iştirakçılarının keçdiyi əziyyətli yollar. Elə-belə hünər deyil bu qədər igidlə görüşüb, söhbət etmək, ağrıyla, əzabla dolu hekayələri dinləmək. Göz yaşları tökə-tökə dörd yüz qırx dörd igidin dediklərini yazmaq, bilirsiniz, necə ağırdı, necə zəhmətlidi?
Od-alovun içindən çıxmış, döyüş yoldaşları gözlərinin önündə şəhid olmuş, dostları itkin düşmüş, əsəbləri pozulmuş, həyatı müharibəyə qədər və sonraya ayrılmış 444 nəfər insanın hekayəsi...
Böyük ürək lazımdı bu qəhrəmanların dastanını qələmə almaq üçün. Onların qürur və qorxu dolu nağıla çevirdikləri o döyüş dünyasının sehrinə düşmək. Bu iş, sanki əvvəldən sona qədər o insanların keçdiyi yolu onlarla birlikdə keçməkdi, o günlərə o adamlarla birlikdə qayıtmaqdı... Bu elə bir işdir ki, döyüş meydanında yaralananları od-alovun içindən çıxarmaq, düşmən gülləsindən vurulub düşənləri qolundan tutub ayağa qaldırmaq, onlarla birlikdə səngərdə uzanıb, sabahın açılmasına ümid bağlamadan yaşaya bilməkdi... Şəhid olanlara o igidlərlə birlikdə ağlamaqdı. Özü də bir dəfə deyil, dəfələrlə. Həm onları müsahibə verməyə razı salanda, həm onların söhbətlərini dinləyəndə, həm onları yazanda, həm də onları bir neçə dəfə təkrar-təkrar oxuyanda...
Yazı prosesinin ən qanlı, ən qəddar döyüşdən belə daha ağır, daha çətin olmasının bir səbəbi də budur. Ən qanlı, ən qəddar döyüş də, döyüşürsən, bitir. Həkim yaranı sarıyır, insanlar sənə şərəf, zəfər nəğmələri qoşur, yaraların görünür, qəhrəmanlığın dillərə dastan olur. Yazıya isə dəfələrlə qayıtmalı, o yazıdakı qəlbini parçalayan şeyləri dəfələrlə oxumalı, nizama salmalı, oxucunun diqqətinə, oxumasına layiq hala gətirənəcən üstündə əsməli, işləməlisən. Yazı prosesində nə qədər yaralanırsan, yaralan, heç kim sənin yaranı sarımayacaq, heç kim səni müalicə etməyəcək, heç kim yazı yazdın deyə, sənə sağ ol deməyəcək, qəhrəman adı verməyəcək...
Ən ağır işdi müharibədən, döyüşçülərdən yazmaq. Müharibə mövzusunda, Qarabağ barədə yazdığım romanlardan bilirəm. Bütün qəhrəmanlarımla birgə keçdim o səngərlərdən. Onlarla birgə döyüşdüm, onlarla birgə əsir düşdüm, əzab çəkdim, şəhid oldum sanki... Sonda onlarla birlikdə qalib gəldim...
O əsərlər yazıldıqca mənim gözümdə yaş qalmadı. İnsan bədəni nə qədər suyu göz yaşına çevirə bilərsə, o qədər ağladım, əldən düşdüm. O kitabları yazandan sonra əzbərdən bilirəm cəbhə bölgəsində baş verənləri...
Əntiqə də belədi. Dinlədiyi yüzlərlə cəbhə hadisəsi, orda baş verənlər onun da qəlbini parça-parça edib. Gecələr tənha oturub, o əfsanəvi döyüşçülərdən dastanlar yazanda, onlarla birgə yanıb-yaxılıb, onlarla birgə o səngərlərə girib, onlarla birgə düşmənə qarşı vuruşub. Bəzən də, o döyüşləri yuxusunda görüb...
Bunu kim bilməsə də mən bilirəm, hiss edirəm... Onlara dəyən qurşun sənin də canını yandırır. Saçlarını isladır yağan yağış, əsən külək içindən keçir, yağan qar iliklərini dondurur. Bax, bunları hiss etməsən, bunlar səni yandırıb-yaxmasa, o igidlərdən yaza bilməzsən. Onları duymasan, onların yaşadıqlarını yaşamasan, yazdıqların quru və mənasız olacaq. Nədən yazırsansa, yaz, gərək hadisələri hiss edəsən, içindən süzüb keçəsən, qəlbinin gözləriylə baxasan. Yoxsa nə desən, nə yazsan, boşdur...
Bilirəm ki, Əntiqə qəhrəman döyüşçülərimizin dediklərini bütün qəlbi ilə duya bilib. Yaşayıb, sonra yazıb. Əvvəlcə xəyalən, ruhən keçib o döyüş meydanından. Səngərlərdə nəm torpaqların üstündə günlərlə qımıldanmadan oturub, daşların üstə başını qoyub mürgüləyib. Ağlayıb, sızlayıb sonra yazıb...
Axı, onları yaşamadan yazmaq olmaz. Yaşanmadan yazmaq mümkün deyil. Yazılsa da, mənası olmaz. Birinin həyatını, bir qəhrəmanlığı, döyüş yolunu, qazandığı zəfəri oxucuya çatdırmaq üçün həmin odlu yolda yeriməli, alovların içindən keçməli, yanıb, külə dönməlisən...
Yanmasan olmaz. Əntiqə də belə edib. 444 igidi dinləyib səbrlə, göz yaşlarıyla. Onlarla addımlayıb, onlarla yaralanıb, onlarla qələbə qazanıb. Buna inanıram. Bunu görürəm...
Onun yenicə çapdan çıxmış “44 günlük savaşın 444 cəngavəri” iki cildli kitabı mübarəkdi. Bu bir tarixdi. Tariximizin bir hissəsidi. Gələcəyə çatdırılacaq 444 döyüşçünün əfsanələşmiş dastanıdı, 44 günlük qəhrəmanlıq yoludu...
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)