“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayevin Azərbaycan dilində yeni işıq üzü görən “Yalnız özümüzünkülər” adlı detektiv romanı həftəsonu “Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında kitabsevərlərə təqdim olundu və yazıçının imza günü keçirildi.
Qeyd edək ki, kitab Teas-press nəşriyyatında ərsəyə gəlib. Roman 6 il əvvəl - 2017-ci ildə rus dilində Moskvada, Eksmo nəşriyyatında çap edilib.
Görüşdə Çingiz Abdullayev yeni romanının əsas məziyyətlərindən bəhs etdi, oxucuların suallarını cavablandırdı.
Onun hər bir yeni romanını yüz minlərlə oxucu kütləsi səbirsizliklə gözləyir.
Sirr deyil ki, dünyada ən çox məhz iki janrda kitab oxunur: non-fiction və getektiv. Azərbaycanda isə detektiv bir nömrədir. Və Çingiz Abdullayev də kitabları ən çox satılan lider yazıçılardandır.
O ki qaldı romanın süjet xəttinə, Londonun yaxınlığındakı tənha bir malikanədə yalnız özləri - bir ailə Milad bayramını qarşılamağa toplaşır: Şərq ölkələrindən birində səfir işləyən ailə başçısı və həyat yoldaşı, oğlu öz daim qəzəbli sevgilisi ilə, qızı zərif təmkinli əri ilə, eyni zamanda səfirin milyonçu dostu öz gözəl həyat yoldaşı ilə.
Gecə yaxınlaşır, pəncərənin xaricində bir çovğun cövlan edir, bir sözlə, mükəmməl bir İngilis cinayəti üçün ən uyğun mühit. Və bu cinayət baş verir: kimsə səfirin stəkanına zəhər tökür. Və bir saat sonra milyonerin cazibədar həyat yoldaşı güllələnir. Bu cinayətləri kim törədib? Cavab mümkün qədər tez tapılmalıdır, çünki qatil öz aralarındadır…
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)