Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami və musiqi” mövzusunda III Elmi Konfrans keçirildi. Proqramda ön söz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz xanım Əlizadəyə məxsus idi. Görkəmli musiqi xadimi Firəngiz Əlizadə çıxış nitqində dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş konfransın Zəfər bayramı ərəfəsində keçirilməyinin vacibliyini vurğuladı. Hər iki hadisənin əlamətdarlığından geniş şəkildə bəhs etdi.
Proqramda yer alan məruzəçilər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə, Azərbaycan Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Jurnalistlər Birliyinin üzvü, iki dəfə Prezident təqaüdçüsü, Gənclər Mükafatçısı Aysel Kərim və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Mirzəyeva idi. Hər üç məruzəçinin çıxışından əlavə proqramda musiqi nömrələri də yer aldı.
Azərbaycan xalqının dünya mədəniyyətinə lütf etdiyi dühalar içində Nizami Gəncəvinin adı xüsusi anılır. O, dünya ədəbiyyatının klassiki sayılır. Nizami Gəncəvinin poetik yaradıcılığı əsrlərdir layiq olduğu yüksək mərhələdə dayanır. Onun yaradıcılığının əsas qayəsi Tanrı və bəndə arasında izahı mümkün olmayan əlçatmaz, ülvi, pak duyğulardır. Dahi yazıçı İslam dinindən təsirlənərək əsərlərində yüksək mənəviyyat, mərhəmət, düzlük, sadiqlik, ədalət, şövkət, nəciblik, xeyirxahlıq, əxlaq, tərbiyə, ibrətamizlik aşılamaqdadır. Yaradıcılığında rast gəlinən hikmətli sözlər, öyüd-nəsihətləri ilə dillər əzbəri olan dahi yazıçının həyat fəlsəfəsində bu prinsipi aydınca sezə bilirik. Əsərlərində insan zəkası, əxlaqi keyfiyyətlər daim ön plana çəkilib. Onun hər kəlməsi insanı doğru yola cəlb edən bir çağırışdır.
Məlumdur ki, dövlət başçısı İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Müdriklik və hikmət şairinin 880 illik yubileyi dövlət səviyyəsində keçirilməkdədir. Dahi mütəfəkkirin irsinə doğma vətəni Azərbaycanda daim dəyər, diqqət, xüsusi qayğı və həssaslıq göstərilib. Onun yaradıcılığı maraqla qarşılanıb. Ərmağan qoyduğu izə hörmətlə yanaşılıb. Bel əki hələ vaxtılə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 1981-ci ildə dahi şairin anadan olmasının 840, 1991-ci ildə isə 850 illiyinin keçirilməsi barədə qərarlar qəbul edilib. Onun şərəfinə 1991-ci ili (anadan olmasının 850 illiyi ilə əlaqədar) YUNESKO “Nizami ili” elan edib. 2009-cu ildə şairin vəfatının 800 illiyi qeyd olunub.
Yubiley günlərinin ölkəmizdə təntənəli qeyd edilməsi sözsüz ki, mədəniyyətimizin inkişafına böyük təkan verir. Yaradıcı insanlar – şair, yazıçı, rejissor, rəssam, bəstəkar, musiqişünaslar gördükləri işləri nəticə etibarı ilə ortaya qoyaraq tamaşaçı auditoriyasını bu layihələrlə sevindirirlər.
Şərq bədii təfəkkürünü elmi-bədii fikirlərlə dolğun şəkildə formalaşdıran Nizami Gəncəvi yaradıcılığı bəstəkarlarımızın həmişə diqqət mərkəzində olub. Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli incilərindən hesab olunur. Təkcə dahi Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romanslarının adlarını qeyd etmək kifayət edir ki, bununla da Nizami yaradıcılığının milli musiqimizin inkişafında nə qədər böyük rol oynadığını təsdiqləyə bilirik. Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romanslar klassik musiqinin kamera-vokal janrına aid olub, səslənmə xüsusiyyətinə və şeir növündən asılı olaraq, kitab və məqalələrdə “qəzəl-romans”, “təsnif-romans”, “romans-qəzəl”, “romans-rübai”, “romans-xitab” və ya sadəcə “romans” adlarıyla nəşr edilib. Dahi Üzeyir Hacıbəyli isə Nizami Gəncəvinin qəzəllərinə yazdığı bəstələrini “musiqili qəzəl” adlandırmış və Azərbaycan bəstəkar yaradıcılığında bu janrın təməlini qoymuşdur. Üzeyir Hacıbəylinin “Sənsiz” (1941) və “Sevgili canan”(1943) musiqili qəzəllərini xalq çalğı alətləri orkestri üçün Ağabacı Rzayeva işləyib, simfonik orkestr üçün isə Niyazi orkestrləşdirib. Bu vokal əsərlərinin ifası zamanı onları estrada orkestri də müşayiət etmişdir. Musiqili qəzəllər Moskvada P.İ.Çaykovski adına konsert zalında Nizaminin 800 illiyinə həsr olunmuş təntənəli iclasda (1947, 15 sentyabr) səslənmişdir (solist Kazım Məmmədov). Hər iki musiqi əsərinın ilk ifaçısı professional vokal sənətimizin banisi Bülbül olmuşdur.Bu kimi vokal əsərləri sırasında Ərtoğrol Cavidin “Yar gəlmiş idi”, Fikrət Əmirovun “Gülüm”, Ağabacı Rzayevanın– “Könlüm”, Ədilə Hüseynzadənin “Vəslin həvəsi”, Cahangir Cahangirovun “Gül camalın”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim”, Şəfiqə Axundovanın “Nə gözəl”, Hökümə Nəcəfovanın “Yarım gəldi”, Hacı Xanməmmədovun ”Surəti Canan görünür”, Fəridə Quliyevanın “Mehman edəsən”, Məmməd Nəsirbəyovun “Aşiqəm”, Sevda İbrahimovanın “Tez gəl”, Qalib Məmmədovun “Yenə tövbə evimi”, Şəmsi Kərimovun “Ayüzlü nigarım kimə mehman olacaqsan?” və digər bu kimi vokal əsərlərinin adlarını sadalaya bilərik.
Bu əsərlərin hər birində söz və musiqinin hədsiz dərəcədə uyğunluğunu, vəhdətini eşidə bilirik. Bəstəkarlarımızın hər biri dahi mütəfəkkirin poeziyasına dərin həssaslıqla yanaşıb. Ən əsası onun hər kəlməsini, ruhunu, harayını duya biliblər. Hər uğurlu əsərin doğulmağı öncə dərindən hiss etmək və dərk etməkdən başlayır. Hansısa şeirin məna yükünü, dərinliyini, fəlsəfəsini anlamadan ona uyğun əsər ərsəyə gətirmək sözsüz ki, mümkün deyil. Nizami Gəncəvi ruhunu şad edən, onun görüşünə qəlb döyüntüsü ilə, hissi ilə, bütün ruhuyla, varlığıyla gələn bəstəkarlarımıza sonsuz ehtiram və sayğımızı ifadə edirik. İndi onların özləri də haqq dünyasındadır. Bu müvəqqəti aləmdə sözü, musiqini, əsl sənəti əks etdirənlər ölməzliyə qovuşanlardır. Çünki hər birinin yer üzünə gəlişinin səbəbi və əsas missiyası yaşayaraq yaşatdırmaq, sevərək sevdirmək, düşünərək düşündürmək idi. Bu, Tanrının yaradıcı şəxsiyyətlərimizə ən böyük bəxşişidir.
Dahi şairin sözlərinə bəstələnən romansların hər kəlməsi məhz həmin uğurlu əsərlər sayəsində məşhurlaşıb, dillər əzbəri olub, dönə-dönə xatırlanıb. Misal olaraq, “Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz”. Və yaxud digər misraya nəzər yetirək: “Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan.”
“Melodikliyi, bədii obrazları, dramaturji əsası və mövzuları olduqca plastikliyi və təsirliyilə seçilir, sanki onlar musiqidə öz ifadələrini tapıb” - dahi şair və mütəfəkkirin misraları barədə bu fikirlər görkəmli bəstəkar Qara Qarayevə məxsusdur. Daha bir görkəmli bəstəkarımız Fikrət Əmirov isə Nizami poeziyasının gözəlliyini, məna dərinliyini, yüksək mənəvi-etik ideyalarını xüsusi qeyd edir. Heç də təsadüfü deyildir ki, hər iki bəstəkarımız Nizami Gəncəvinin bədii irsi və obrazı əsasında yazdıqları əsərlərə görə şan-şöhrət qazanıblar.
Nizami poeziyası əbədidir və inanırıq ki, bu əbədilik kainat var olduqca yaşayacaq. Onun dərin zəkasının alt qatında sirli sehirlər var. Bəşər dünyasına səslənişinin içindəki inanc onu ölməzliyə aparır. Əsrlərdir ölməzliyini təmin edən bəlkə də elə bu inancdır, bəlkə də bu dərin sevgidir, onu yer üzündən qoparmayan, yaşadan, yaşatdıran. Onun əsərləri insanları mənəvi cəhətdən zənginləşdirir, gözəlləşdirir, ucaldır, saflaşdırır, kamilləşdirir. Nizami poeziyasının qayəsi də elə məhz budur. Gerçəkliyi, təbiiliyi, təsir gücü ilə seçilən Nizami Gəncəvinin zəngin irsi, əsrarəngiz yaradıcılığı, fəlsəfəsi hələ də araşdırılır, öyrənilir, təbliğ edilir. Sadalanan bu amillər səbəbindən o, həmişəyaşardır. İnsanlar onun hər kəlməsində ümid, həqiqət, inam görürlər. Onu keçmişlə gələcək arasında duyğu körpüsü bilib mərhəmət günəşi adlandırırlar. Düçar olduqları dərdin şəfasını və bir sözlə həyatın özünü tapırlar. Əsrlərin unutdura bilmədiyi sehirli gücün adıdır kəlmə. Onun kəlmələrinə sığınanlar bu sehrin içində qeyb olanlardır. Xeyir şərbətini dadanlardır.
Mən də öz növbəmdə Azərbaycan mədəniyyətinin bir nümayəndəsi kimi Nizami Gəncəvi yurdunda boya-başa çatan insan olaraq bəşər bədii düşüncəsinin nadir siması və tapıntısı olan həmyerlimlə qürur duyduğumu ifadə edirəm. Ən əsası isə elmi araşdırmaçılıq fəaliyyətimi, yaradıcılıq xidmətimi yüksək səviyyədə dəyərləndirib düşüncəsindən kənarda qoymadığı üçün, ABİ-yə daxil olan layihələrə məni ziyalı gənc kimi cəlb etdiyi üçün hörmətli ABİ sədri Firəngiz xanım Əlizadəyə dərin minnətdarlığımı bildirirəm. Musiqi həyatın özüdür. Yetər ki, həyatın axarından geri qalmayaq.
Aysel Kərim