Qəbələ Beynəlxalq Musiqi Festivalının gözəl anları

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçildi. Festival çərçivəsində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində növbəti ifa kamera musiqisi və “Clarte” klarnet kvartetinin konsert proqramı oldu. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak edirdilər. 

 

Kamera musiqisi axşamında beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova (soprano), Elmina Həsənova (mezzo-soprano), Məryəm Yusifova (piano), Eldəniz Ələkbərzadə (piano), Nərgiz Kəngərli (piano), Şəms Ağazadə (violin), Vaqif Qurbanov (violençel) və Gülnaz Eldarlı (piano) maraqlı konsert proqramı ilə çıxış etdilər. 

Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verildi. 

Konsertdə A.Məlikovun “Ötəri anlar”, Q.Qarayevin “Səs və piano üçün romans”, V.Məmmədzadənin “Trio”, R.Mirişlinin “Səadət”, P.Bülbüloğlunun “Mənim Bakı şəhərim”, R.Hacıyevin “Saçlarına gül düzüm”, “Leyla”, həmçinin Avropa bəstəkarlarından A.Berg, V.Gervasi, E.Doqa, F.List, R.Ştraus, G.Faure və F.Şubertin əsərləri səsləndirildi. 

Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət edirdilər. 

Qeyd edək ki, “Clarte” klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Şərif Bağırov, Məhəmmədəli Paşazadə, Emil Bağırov və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb. 

Daha sonra Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunmuşdu.

Konsertin birinci hissəsində orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İohan Sebastyan Baxın “Simlilər üçün 1 nömrəli rəqs süitası”nı təqdim etdi. 

Konsertin ikinci hissəsində Dmitri Sitkovetski violində Aleksandr Raskatovun violin, simlilər və zərb aləti üçün “V.A.Motsartın həyatından beş dəqiqə”, Arvo Pyartın violin, simlilər və zərb aləti üçün “Qardaşlar”, Bella Bartokun violin və simlilər üçün “Rumın xalq rəqsləri”, Sergey Raxmaninovun simlilər üçün “Vokaliz”, Fikrət Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, Firəngiz Əlizadənin simlilər üçün “Rəqs”, Leonit Desyatnikovun simlilər üçün “Bukovina mahnıları” əsərlərini ifa edildi. 

Xatırladaq ki, Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Dünən gec saatlarda isə tamaşaçılara “Bramsı sevirsiniz?” adlı kamera musiqisi axşamı təqdim olundu.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.