Öz ifası ilə dünyanı heyrətləndirən virtuoz sənətkar Featured

“Ədəbiyyat və incəsənət” portalının “Gənc istedadlar” layihəsində bu dəfə Habil Yaşar sizlərə qanun (kanon) ifaçısı Sevinc Babayevanı təqdim edəcək.

  

Babayeva Sevinc Məmmədəli qızı 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olub. 2002-ci ildə Ərtoğrul Cavid adına Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinə qanun sinfinə qəbul olub. Hələ II sinifdə oxuyarkən, 2003-cü ildə NMR uşaq musiqi məktəbləri arasında keçirilən müsabiqədə I yerə və “İlin ən yaxşı ifaçısı” adına layiq görülüb. 2003-cü ildə ilk dəfə 11 yaşında Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri ilə dahi bəstəkar S.Ələsgərovun qanun üçün yazdığı “Poema”sını ifa edərək mütəxəssislərin diqqətini cəlb etmişdir. 2004-cü ildə Naxçıvan MR baxış müsabiqəsində “I dərəcəli” diploma, 2005-ci ildə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr olunmuş Respublika uşaq musiqi məktəblərinin müsabiqəsində yenə də “I dərəcəli” diploma layiq görülmüşdür. 2006-cı ildə Naxçıvan Gənclik Mərkəzində Heydər Əliyevin anadan olmasının 83-cü ildönümünə həsr olunmuş solo konserti olmuşdur. Konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı muğam dəstgahı və kompozisiya ifa edilmişdir. 2006, 2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqələrdə “I dərəcəli” diplomlara layiq görülmüşdür.

2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olan Sevinc kollecdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfində dərs alaraq “qanun” üzrə musiqi təhsilini davam etdirmişdir. Artıq ifasıyıla öz sözünü demiş Sevinc Babayeva tezliklə müəllimlərin və tələbələrin sevimlisinə çevrilmişdir. Sevinc xanım kollecin ictimai həyatında yaxından iştirak edərək “Hicaz” xalq çalğı alətləri ansamblında, xalq çalğı alətləri orkestrində, qədim musiqi alətləri ansamblında solist kimi çıxış etmişdir.

O, ilk böyük qələbəsini 15 yaşında qazanıb. Belə ki, 2008-ci ildə Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş musiqi kolleci tələbələri arasında keçirilən Gənc ifaçıların I Respublika müsabiqəsinə qatılmışdır. Bu müsabiqənin I mərhələsi ayrı-ayrı zonalarda, o cümlədən Naxçıvan MR-da keçirilir. I mərhələdə münsiflər heyətinin üzvləri Bülbül adına musiqi məktəbinin direktoru Nigar Əsgərova, Xalq artisti Ağasəlim Abdullayev, professor, xalq artisti, xanəndə Qəzənfər Abbasov Naxçıvan musiqi kollecində olmuş, gənc ifaçıları dinləmişlər. Sevinc Babayeva öz texniki imkanları və cazibədar ifası ilə münsifləri heyrətləndirmiş və II tura keçmək hüququ qazanmışdı. II mərhələ Bakı şəhərində keçirildi. Bu mərhələdəSevinc Babayeva inanılmazı etdi - 721 ifaçı arasından“Qran Pri” mükafatına layiq görüldü. Müsabiqə şərtlərinə əsasən qalibə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycanın xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə simfonik orkestrlə ifa etməkşansı verilir və Sevinc Babayeva bu qalibiyyətdən sonra simfonik orkestrin müşayiəti ilə H.Xanməmmədovun №1 konsertini böyük uğurla ifa edərək tamaşaçıların və musiqişünasların böyük rəğbətini qazandı.

Konsertdən sonra Nigar xanım, Ağasəlim Abdullayev, xanəndə Qəzənfər Abbasov Sevinc haqqında ən gözəl ürək sözlərini bildirdilər, hətta öz musahibələrində Sevinci Azərbaycanda yüksək texnikaya malik ən gözəl ifaçısı adlandırdılar. Sevincin virtuoz ifasından fərəhlənən Nigar xanım öz müsahibəsində “Sevinc mənim kəşfimdir” dedi. Bu ugur və nailiyyətdən sonra Sevinc xanım öz üzərində daha ciddi çalışdı və səhnə yaradıcılığını davam etdirdi.

Belə ki, 2009-cu ildə Naxçıvan şəhər Gənclik Mərkəzində, Ordubad şəhərində solo konsertlər verərək, öz ifasıyla tamaşaçıların böyük rəğbətini qazandı. 2011-ci ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində “Qanun” ixtisası üzrə təhsilini davam etdirdi. Təhsil aldığı illərdə bir çox respublika konfrans və simpoziumlarında öz ifasıyla gurultulu alqışlarla qarşılandı. 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının 90” illik yubileyi münasibətilə təşkil olunmuş dövlət tədbirində uğurla çıxış etdi. 2015-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Sevinc xanım  2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Magistraturasında “Musiqi tənqidi” ixtisası üzrə təhsilini davam etdirdi və 2018-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurdu.

2019-cu ildə Sevinc Babayeva Bakı şəhərində kerçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatıldı və bu müsabiqədə “I dərəcəli diploma” layiq görüldü. Sevinc xanım eyni zamanda Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində  pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 12 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi onlarla yetirməsi Respublikada keçirilən müsabiqələrdə I və II dərəcəli diplomlara layiq görülmüşlər.  

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümünə həsr olunmuş solo konsertini şagirdləri ilə birlikdə böyük müvəffəqiyyətlə təqdim edən Sevinc Babayeva eyni zamanda elmi fəaliyyətlə də məşğuldur, belə ki, o, bir neçə elmi və publisistik məqalə və M.Babayeva ilə həmmüəlif olduğu “Rus musiqi ədəbiyyatı” adlı 2 dərs vəsaitinin müəllifidir.

Mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilən Sevinc Babayeva 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülmüşdür. Bu dəyərdən ilham alan Sevinc xanım 2021-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarında (Nyu-York şəhərində) təşkil olunmuş Fiestalonia Amerikan Edition - beynəlxalq distant yaradıcı insanlar müsabiqəsinə qatılmışdır.

Müsabiqədə bütün dünya ölkələrindən müxtəlif yaş qrupuna aid yaradıcı insanlar iştirak edirlər. Müsabiqəyə “World Talent Rankinq” (ABŞ), Böyük Britaniya və «Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik edir, eyni zamanda müsabiqə dünyanın 20-dən artıq ölkəsinin mədəniyyət nazirliyi tərəfindən dəstəklənir. Müsabiqə şərtlərinə əsasən Qran Pri mükafatçısı Sevinc Babayeva 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə dəvət aldı. Qeyd edək ki Sevinc Babayeva instrumental ifa kateqoriyası üzrə iştirakçı idi. 12 iyun tarixində müsabiqənin münsiflər heyətinin yekun qərarına görə Sevinc Babayeva 100 bal sistemi üzərindən 100 bal toplayaraq Qran Primükafatçısı elan edildi. Bu, musiqi aləmində ölkəmiz adına böyük uğurdur. Və bütün dünya ölkələrindən olan minlərlə ifaçı arasından hər yaş qrupundan bir nəfər olmaq şərti ilə üç ölkənin nümayəndəsi Qran Priyə layiq görülmüşdü: Azərbaycan, Rusiya və Çex Respublikası.

Azərbaycanı təmsil edən Sevinc Babayevanın qanunda ifa etdiyi - Həsən Rzayevin “Çahargah rapsodiyası” münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi və Qnesin adına Rusiya Musiqi Akademiyasının professoru Nataliya Brajnikova öz fikirlərini video formatda müsabiqənin rəsmi səhivəsində paylaşdı. O, bildirdi ki, “Sevinc virtuoz musiqiçi və nadir fitri istedad sahibidir və onun ifası uçuş sürəti ilə müqayisə olunacaq dərəcədə, ovsunlayıcı, aydın, təmiz və möhtəşəm ifadır”.  

Hazırda Sevinc xanım ifaciliq fəaliyyəti ilə yanasi eyni zamanda Naxçıvan Dövlət Universitetində pedaqoji fəliyyətini də davam etdirir. Eyni zamanda universitetdə keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə həm solo ifalarla çıxış edir, həm də “Sevincin inciləri” qanun ifaçıları ansamblının yaradıcısıdır.

2022-ci ildə Naxçıvan Dövlət Uniersitetinin simfonik orkestri ilə “28 May Müstəqillik günü” və 2023-cü ildə Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş dövlət tədbirində simfonik orkestrlə solo ifaçı kimi uğurlu ifalar  sərgiləmişdir. 2023-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sevincin inciləri” qanun ifaçıları ansamblının dövlət səviyyəli uğurlu konserti olmuşdur.

Bəli, mən sizə bir istedadlı azərbaycanlının qazandığı möhtəşəm uğurlardan söz açdım. Nə xoş bizə ki, yurdumuzda belə mədəniyyət xadimləri var.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.