“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.
AzərTAC xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev-muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.
Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.
Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.
Daha sonra Bülbülün ev-muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda sevimli ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.
Festival iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Əvvəlcə qonaqlar Şuşa qalasına ekskursiya ediblər. Sonra Üzeyir Hacıbəylinin heykəli, Xalça Muzeyi, Mir Möhsün Nəvvab Qarabağinin ev-muzeyi və Gövhər Ağa Məscidinə baş çəkiblər. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
Türkiyə Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat AZƏRTAC-a müsahibəsində festivaldan məmnunluğunu dilə gətirib. "Şuşa bizim üçün çox önəmli və dəyərli bir yerdir. Türk mədəniyyəti paytaxtında olmaqdan qürur duyuram. Şuşa gözəl şəhərdir. Təbiəti, havası insanı valeh edir. Muğam Azərbaycan üçün çox dəyərlidir. Biz də bu günlərdə Bakıda keçirilən muğam müsabiqəsi üzrə birgə çox işlər gördük və layiqli qaliblər seçdik", - deyə A.Akat vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)