Pribaltikanın “Kremerata Baltika” orkestri Heydər Əliyev Mərkəzində ecazkar konsert verdi

Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti çox gözlənilirdi. Nəhayət ki, həftəsonu konsert baş tutdu. 

 

Mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika” ilk dədə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən tanınmış maestro Baltik regionundan olan gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək niyyətində idi. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur orkestrləri sırasına daxil olub. Kollektiv dünyanın aparıcı musiqi meydanlarında fərqli ifaları ilə dinləyicilərin sevgisini qazanıb. “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.

“Kremerata Baltika”nın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldır. Onlar məşhur orkestrin ənənələrini davam etdirərək gənc litvalı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənib. Bakı konsertinin solistləri - Litva “Kremerata”sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir. 

Qeyd edək ki, konsertin 1-ci hissəsində Faustas Latenas - "Bolero", Olli Mustonen - nonet no.2, Silvija Miliūnaite - "Drive for live" (solo Cerald Bidva -skripka, Giedre Dirvanauskaite -violonçel), ikinci hissədə isə F.B.Mendelssohn - skripka və simli üçün e-moll konserti (solo- Džeraldas Bidva), Nino Rota - simlər üçün konsert səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də konsertdə çıxış edib. Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestrlə çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.