Muğamın vətənində muğamla bağlı müsabiqələrin keçirilməsi bir ənənə şəklini alıb. “Kainat” Gənclik Mərkəzinin layihəsi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı da bu qəbildəndir və bu il festival 13-cü dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Nurgün Group” və “Bestcomp Group”un sponsorluğu, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimi “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə açaraq söyləyib:
“Böyük pandemiya fasiləsindən sonra davam edən builki festival Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın məqsədi muğam sənətimizi respublikamızda və xaricdə təbliğ etməkdir. 1996-cı ildə respublika miqyaslı festival kimi əsası qoyulan və daha sonra beynəlxalq festivala çevrilən layihə müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılması və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir.
Final mərhələsində festivalın formatına uyğun olaraq hər ölkəni 3 gənc istedad və 1 mütəxəssis (beynəlmiləl münsiflər heyətinin üzvü) təmsil edib.
Görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti qarşısında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan ifaçılar öz məharətlərini nümayiş etdiriblər.”
Mərasimdə əsas məqam festivalın qaliblərinin elan edilməsi olub.
Festivalın baş mükafatı:
Mətləb Əhmədzadə (Azərbaycan);
I yer Bark Örenoğlu (Türkiyə);
Soyun Orazdurdiyev (Türkmənistan),
II yer Mədinə Kərimjonova (Özbəkistan)
Salar Purmuhseni (İran)
III yer Aybike Kadıraliyeva (Qırğızıstan)
Madi Yeldessov (Qazaxıstan)
Yusif Sadıqov (Azərbaycan)
Bundan başqa, “Festivalın ən gənc əcnəbi iştirakçısı” nominasiyası üzrə Şahzoda Jalolova (Özbəkistan) və “Yüksək milli koloritin nümayişinə görə” nominasiyası üzrə Soyun Orazdurdiyev (Türkmənistan) Azərbaycan Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına layiq görülüblər.
Həmçinin beş iştirakçıya həvəsləndirici mükafat, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və festivalın təşkilat komitəsi tərəfindən xüsusi nominasiyalar üzrə laureat olan iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, XIII Beynəlxalq Uşaq Muğam Festivalının Azərbaycan üzrə seçimləri aprelin 15-də keçirilib və 78 iddiaçı arasından 3 nəfər finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdı.
Bütün qalibləri təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)