Mayın 6-da “Baku Crystal Hall”un səhnəsində 9 min tamaşaçının izləməsi şəraitində özünəməxsus səsi və səhnə performansı ilə milyonların qəlbini fəth etmiş Türk pop musiqisinin parlayan ulduzu Edis azərbaycanlı sevənlərinin qarşısına çıxdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənc ulduz müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış etdi. Müğənni konsert ərzində ən hit və sevilən, eləcə də bir yeni mahnısını səsləndirdi.
Qeyd edək ki, xüsusi qonaq olan “Köfn” musiqi qrupunun çıxışı konsertdə xüsusi ovqat yaratdı.
Tamaşaçıları salamlayan Edis “Baku Crystall Hall”da çıxış edən ilk türkiyəli müğənni olduğundan sevinc hissi keçirdiyini bildirdi:
“Bir il əvvəl də Bakıya gəlmişdim. Uzun zamandır konsert etmirdik, yenə Bakıda başladıq. Sizi çox sevirəm. Özümü bura aid hiss edirəm. Xoş gəlmisiz. Yaxşı ki gəldiz, yaxşı ki mənimləsiz. Bu salonda konsert verən ilk türkiyəli sənətçiyəm. Sağ əlim onların başına”.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)