Moskvada Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbir Moskvada, A.S.Puşkin adına Dövlət Muzeyində keçirilib. Tədbir çərçivəsində Moskvanın ali məktəblərinin tələbələri Azərbaycan və rus ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanış olublar. 

RAGB-nin sədri Ceyhun Hüseynov AzərTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, tədbirin keçirildiyi yer təsadüfən seçilməyib. O deyib: “Bir neçə il bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin RAGB-nin fəxri sədri Leyla xanım Əliyevanı Puşkin medalı ilə təltif edib. Əlbəttə ki, Aleksandr Sergeyeviç Puşkin rus xalqının dahi şairidir. Təşkilatımızın əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, eləcə də Azərbaycanın mədəni dəyərlərini, tarixi irsini Rusiya ictimaiyyətinə çatdırmaqdır”. 

Tədbir çərçivəsində tələbələrin ifasında N.Gəncəvi, A.Puşkin, S.Yesenin, M.Lermontov, S.Vurğun, R.Rojdestvenski, F.Əmirov, Ü.Hacıbəyli, S.V.Raxmaninov və başqalarının əsərləri səsləndirilib. 

S.Yesenin adına Moskva Muzeyinin yaradıcısı və direktoru Svetlana Şetrakova şairin Bakı səfəri ilə bağlı hadisələrdən, onun Bakı həyatından, eləcə də Azərbaycanın ədəbi həyatına Yesenin şəxsiyyətinin və yaradıcılığının təsirindən danışıb. 

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.