Tofiq Quliyev anıldı

Onun mahnıları dillərdən düşməyib. Bu qədər populyar mahnısı olan ikinci bəstəkar çətin tapılar.  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Mahnılarda yaşayan ömür” adlı tədbir təşkil edilib.

 

Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında video-slaydlar vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, musiqi məktəblərinin direktorları, eləcə də bəstəkarın qohumu Gülnarə Musabəyova tədbirdə qonaq qismində iştirak edərək, məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə, tədbirin təşkilatçılarına, həmçinin gözəl ifalara görə müəllim və şagirdlərə öz təşəkkürünü bildiriblər, bəstəkarın kitabı hədiyyə olaraq məktəbin direktoruna təqdim edilib.

Bədii hissədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər məktəbin müəllimi Nigar Cavadova) çıxış edib, eyni zamanda məktəbin müəllimi Bəturə Əhmədova bədii rəhbəri olduğu şagirdlərdən ibarət qanun ansamblı ilə birlikdə gözəl ifalarla tamaşaçıları sevindiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.