Təyyar Bayramov: “Mən özlüyümdə bir daha yəqin etdim ki, Azərbaycan muğamı dünyada birincidir”

 

Diqqət! Milli Muğam Müsabiqəsi başlayır!

 

Muğam diyarında muğamla bağlı hər bir tədbir gözləniləndir. Amma bu dəfə biz ən yüksək səviyyəli tədbirdən söz açacağıq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqəyə 2023-cü il aprelin 24-də start veriləcək, festival aprelin 27-də başa çatacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı məlum edir ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində görülən fundamental işlərə baxdıqca beynəlxalq və milli muğam müsabiqələri bir ayrı qabarır. 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Gəlin yaddaşımızı vərəqləyək. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlirlər. Təqribən bir həftə ərzində Bakı dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəldir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edir. Xüsusən ilk belə festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsertın akkordları: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamını ifa etmələri, Xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Mövlamovanın "Şur" təsnifini ifa etmələri zənginliyi ilə fərqlənən konsertə unudulmaz çalarlar qatmışdl. Azərbaycan musiqisi əcnəbi qonaqlar tərəfindən böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli alqışlarla qarşılanmışdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar artist Təyyar Bayramovun Özbəkistanda keçirilən bir muğam müsabiqəsindən sonra səsləndirdiyi bu fikirlərinə diqqət yönəldir: “Muğamlarımızın kökləri çox-çox qədimlərə gedib çıxır. Qeyd etdiyiniz kimi, Azərbaycan muğamlarının mükəmməlliyinə görə biz ilk növbədə dahi bəstəkarımız Üzeyir Hacıbəyova borcluyuq. Ü.Hacıbəyov o vaxtlar görkəmli xanəndələrimizdən - Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən ibarət komissiya yaradıb. O zamanlar elə muğamlar vardı ki, onların 30-35, hətta 40 şöbəsi vardı ki, bu da yeknəsəkliyə, təkrarçılığa gətirib çıxarırdı. Nəticədə dinləyici xanəndəyə qulaq asanda yorulurdu. Həmin komissiyanın köməyi ilə muğamlarımızdan təkrarçılıq yaradan şöbələr çıxarıldı və təkmilləşdirildi. Hazırkı tədris də həmin üç nəfərin tərtib etdiyi dərsliklə aparılır. Bəzi muğam müsabiqələrində başqa ölkələrin ifaçılarında həmin təkrarçılıq özünü göstərir. İfa var ki, yarım saat - 40 dəqiqə dinləyirsən, amma ifaçının nə demək istədiyini başa düşmürsən. Amma bizdə belədir ki, dinləyici intizarda qalır ki, görəsən, bundan sonra xanəndə hansı boğazları edəcək. Onlarda isə boğazlar o qədər təkrar olunur ki, istər-istəməz tamaşaçı yorulur. Bir də xaricilərin ifasında bir fərqli cəhət də var ki, onlarda muğam yalnız orta və bəm səslə, bizdə isə bəm, orta və zil səslə ifa olunur. Bizdən festivalda iştirak edəcək ifaçıların hamısı zilli-bəmli muğamlara müraciət etmişdi. Mən bu müsabiqədən sonra özlüyümdə bir daha yəqin etdim ki, Azərbaycan muğamı dünyada birincidir.”

İndi isə müsabiqəyə qoşulmaq istəyənlər üçün zəruri xatırlatmalar: Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.

Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək. 

Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq. 

Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.