Könül Siyavuşqızının telessenarisi
Salam, xoş gördük sizi, hər birinizə gözəl gün, xoş ovqat arzusu ilə, amallarınız, əməlləriniz gözəl olsun, ömrünüzə bəzək qatsın deyib, dünyanı bəzəyən, cahana səs salan şəxsiyyətlərimizin, adını tarixə qızıl hərflər yazdıran elm, sənət fədailərinin işıqına toplaşmaq həvəsilə bir araya gəlmişik sizinlə...
Musiqi
1-ci pərdə
Müdriklərin bir deyimi var, deyirlər ki, tarixi dəyişmək mümkünsüzdür, yalnız yüz ildən bir doğulan böyük şəxsiyyətlər ona təsir edərək sürətləndirib yubatmaq, yaxud yönəldib, səmtini dəyişdirmək qüdrətimə malik olurlar...
Bəzən xalqının taleyində müstəsna rol oynayan elə dühalara rast gəlirsən ki, onları nəinki tarixi prosesin yaradıcısı, hətta cəsarətlə tarixin özü kimi dəyərləndirirsən. Bütün ölkələr təntənəni də, çətinliyi də, faciəni də özünə dönəndə, öz ayaqları üstündə dayanmaq istəyəndə yaşayır. Vətənin uğurunun da, faciəsinin də yükü onun böyük oğullarının çiyninə düşür. Xalqımız zaman-zaman böyük bəlalar yaşasa da, bu cür şəxsiyyətlərdən xali olmayıb. Və XX əsrin əvvəlində Azərbaycanın mədəniyyət tarixində baş verən köklü, təməlli dəyişiklik də təsadüfi deyildi, zaman-zaman buna gəliş hiss olunmaqda idi...
1908- ci il, soyuq yanvar aıyını köhnə tarixlə 12- si, yeni tarixlə isə 25-i... Tağıyev teatrının qarşısında izdiham toplanıb. Afişalara boylananlar M. Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında Ü. Hacıbəylinin bəstələdiyi eyniadlı “Leyli və Məcnun” operasının adını oxuyur. Bir azdan bu izdiham teatra daxil olacaq, zəng çalınacaq və Azərbaycan xalq mahnıları və muğam parçalarının, milli folklrumuzun zəngin nümunələrinin yer aldığı möhtəşəm bir əsəri seyr edəcək... Və mədəniyyət tariximizin bumu sayılan bu hadisənin həkk olunduğu bu günə yə sıradan bir gün kimi sayıb, ötüb keçəcəklər. Bu izdihamın içində heç də hamı sənətə, şeirə, musiqiyə qiymət verənlərdən ibarət deyildi, bədxahlar, Üzeyir bəyin uğuruna inanmayanlar da, arzu etdikləri müvəffəqiyyətsizliyin baş verəcəyindən əmin olanlar, uğursuzluq görməyə gələnlər də çox idi...
Musiqi
İlk operanın “ Leyli və Məcnun”un səhnələşdirilməsi Azərbaycan mədəniyyət tarixində böyük hadisə idi və bu tarixi prosesdə baş verənləri, o zaman bir o qədər də dərk edilməyən, layiqli qiymətini almayan, əslində isə dünya əhəmiyyətli mədəni hadisəni istiqamətləndirən, bununla da Azərbaycan musiqisinin və mədəniyyətinin tarixində bir ilk kimi imza atan Üzeyir bəy Hacıbəyli oldu...
Üzeyir Hacıbəyli Azərbaycanın taleyindən nəğmə kimi keçən bir şəxsiyyətdir. Müasir musiqimizin yaradıcısı, baş tacı adlandırdığımız Üzeyir bəyin tərcümeyi halını oxuyanda adam sözün yaxşı mənasında heyrətlənməməyə bilmir. Bir insan bir ömrə bu qədər işi necə sığışdırıb? Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim, pedaqoq... Hər biri də yüksək səviyyədə, hər biri ayrıca tədqiqat mövzusudur. Lakin bəstəkarlığını bir tədqiqata sığışdırmaq mümkün deyil. Çünki onun operaları, musiqili komediyaları, xor və orkestr üçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya, romans və mahnıları hər biri ayrıca araşdırılmalıdır və araşdırılıb, yenə də ehtiyac var, çünki Üzeyir şəxsiyyəti, sənətkarlığı bitib-tükənməzdir.
Musiqi
Üzeyir bəyin musiqiçi kimi fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, Azərbaycanda musiqili teatrın və konservatoriyanın əsasını qoyub, çoxsəsli xor kollektivini və notla ifa edən xalq çalğı alətləri orkestrini yaradıb. Xalq mahnılarının, muğamların ilk tədqiqatçılarından olub, dərsliklər və not kitabları yazıb. Xüsusi komissiya yaradaraq, respublikamızı qarış-qarış gəzib, səsi və ifaçılıq qabiliyyəti olan uşaqları tapıb, təhsil almaları üçün imkan yaradıb.
Bildiyiniz kimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesab edirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrin üzünə həmişə açıq idi. O, Bakıdakı mənzilinin qapısını heç vaxt arxadan bağlamazdı. Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini dilə gətirirdilər.
Təsəvvür edin, iki daşın arasında uşaqlar üçün doğma dilimizdə “Hesab məslələri” dərsliyini də yazıb, jurnalistlər və hərbçilər üçün türk-rus, rus-türk lüğətini tərtib edib, sevdiyi maraqlı hekayələri Azərbaycan dilinə çevirib, məzhəkələr, felyetonlar, yumoristik pritçalar yazmağı da özünə borc bilib bu dahi şəxsiyyət... Bir sözlə, əlinə düşən hər fürsətdə öz xalqı, öz vətəni üçün nəsə faydalı bir iş görüb. Onu xatırlayanda ürəyini məşəl kimi yandırıb əlində tutaraq ətrafına işıq saçan əfsanəvi bir qəhrəman canlanır yaddaşımızda.
Bildiyiniz kimi, onun ozamankı sovet rəhbərləri yanında böyük nüfuzu vardı. Xüsusən, “Koroğlu” operası Stalin tərəfindən yüksək qiymətləndiriləndən sonra Üzeyir bəy SSRİ-nin ən sayılıb-seçilən şəxsləri sırasına qatıldı. O dövrə aid bütün ali mükafatlara layiq görüldü; Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatı oldu. Eyni zamanda yüksək vəzifələr tutdu ki, bu da respublika üçün böyük işlər görmək fürsəti yaradırdı. Azərbaycan Elmlər Akademiyasının akademiki, professor idi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru vəzifələrində işləmişdi.
Üzeyir bəyin yüksək milli düşüncə və vətənpərvərlik hissləri ilə 30-cu illərin repression ət maşınından salamat çıxması hər şeydən əvvəl tanrının iradəsi idi və tale onu bu xalq üçün qoruyurdu. “Koroğlu”nun premyera tarixinə baxsaq hər şey aydın olar – 1937. Sizcə, həssas qəlbi və böyük intellekti olan bəstəkar o illərdə günahsız repressiyaya məruz qalanları görmürdümü? Onların günahsız olduğunu bilmirdimi? Əlbəttə, görürdü və bilirdi. Elə buna görə, cəmi iki il sonra onda şəkər xəstəliyi aşkarlandı və həkimlər xəstəliyin mənbəyinin əsəb və gərginlik olduğunu söylədilər.
Xatırladım ki, həmin il Moskvada ittifaq miqyaslı milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə Üzeyir bəy də münsiflər heyətində təmsil olunurdu. Ermənilər ondan şikayət edərək, Bakıdan gələn iştirakçılar içərisində ermənilərin olmadığını və bunun Üzeyir bəy tərəfindən qəsdən edildiyini bildirirdilər. Soyuqqanlı və səbirli olmasına baxmayaraq, bu hadisə onu çox əsəbiləşdirmiş, səhhətinə böyük zərbə vurmuşdu.
Qeyd olunan fakt Üzeyir bəyə qarşı ilk hücum deyildi. Hələ 1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyin evini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı. Üzeyir bəy həm millətçi ermənilərdən, həm də ruspərəst azərbaycanlılardan qorunmalı idi. Onu daha bir ölüm təhlükəsindən Nəriman Nərimanov xilas etmişdi. Belə ki, Stalinin stolunun üstünə gedən “Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunu eşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.
2-ci pərdə
Üzeyir bəyin Bakıdakı evinə atılan güllələr düz 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycan hökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün və Natəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indi paytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.
Üzeyir bəy ən ağır illərdə doğma sənəti ilə həm təskinlik tapır, həm də mübarizə aparırdı. Uvertüranın döyüşkən melodiyaları təkcə Üzeyir bəyin özünü deyil, bütün Azərbaycanı ayaqda saxlayırdı və saxlayır. Hacıbəyli yaradıcılığı sənətkarlığın elə bir mərhələsi idi ki, Stalin kimi müstəbidləri də heyran qoyur, etirafa məcbur edirdi.
Üzeyir bəy iki respublikaya himn yazmışdı. Həm milli qüvvələrin yaratdığı müstəqil respublikaya, həm də onu devirərək qurulan sovet respublikasına. Onun istedadının işığı bir-birindən fərqli iki dünyaya da çatırdı. Yetər ki, orda Azərbaycanın adı olsun.
Hər il 18 sentyabr tarixini dahi bəstəkarın doğum günü şərəfinə Milli Musiqi günü kimi qeyd edirik. Milli Musiqi günü əslində, Üzeyir bəy nəslinin ən istedadlı yetirmələrindən olan Niyazinin təşəbbüsü ilə gerçəkləşib. Belə ki, dahi dirijor Üzeyir bəyin ölümündən sonra hər il bu günü xüsusi qeyd edir, rəhbərlik etdiyi dövlət simfonik orkestrinin ifasında onun əsərlərindən səsləndirirdi. Bu nəcib təşəbbüs uzun zaman bir ənənə halını alaraq yaddaşlarda yer eləməyə başlayıb. Nəhayət, 1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin gün mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi rəsmiləşib.
Üzeyir bəy 1948-ci il noyabrın 23-də, ömrünün 63-cü payızında - islam peyğəmbəri ilə eyni yaşda dünyasını dəyişdi. Dahi bəstəkar da peyğəmbər kimi Tanrı tərəfindən ona həvalə olunan missiyasını sonacan yerinə yetirdi və adını Azərbaycan tarixinin şərəf lövhəsinə yazdırdı. Onun ölümü kiçikdən böyüyə hər kəsi, bütün Azərbaycan xalqını sarsıtdı, ziyalıların, dostlarının, məsləkdaşlarının axıtdığı göz yaşı bu itginin nəhəngliyindən, əvəzsizliyindən xəbər verirdi. Və bu yerdə yaxın dostu, böyük şair S. Vurğunun onun ölümündən təsirlənərək qələmə aldığı, Üzeyir bəyi “Bir qocaman qartal ” adlandırdığı “Ölüm sevinməsin qoy” adlı şeiri yada düşür.
BİR QOCAMAN QARTALIN QANADLARI DAYANDI
O BİR DAHA QIY VURUB DAĞLARDAN KEÇMƏYƏCƏK
DÜNYA ÖZ YERİNDƏDİR YENƏ SƏHƏR OYANDI
O VƏTƏN DAĞLARININ SUYUNDAN İÇMƏYƏCƏK
ÖLÜM SEVİNMƏSİN QOY ÖMRÜNÜ VERMİR BADA
EL QƏDRİNİ CANINDAN DAHA ƏZİZ BİLƏNLƏR
ŞİRİN BİR XATİRƏTƏK QALACAQDIR DÜNYADA
SEVƏRƏK YAŞAYANLAR SEVİLƏRƏK ÖLƏNLƏR
BUDUR BAXIR ÜZÜMƏ BAXIR SƏNƏTKAR GÖZÜ
YENƏ GÜLÜR DANIŞIR NƏFƏS ALIR ÜZEYİR
SÜZÜLÜR QƏLB EVİMƏ ONUN HƏR ODLU SÖZÜ
RÜBABININ SƏSİNDƏN QANAD AÇIR MİN ŞEİR
O SABAH DA BİZİMLƏ ADDAIMLAYIR YANAŞI
KOROĞLUDAN OXUYUR YENƏ ZƏFƏR ORDUMUZ
EY FÜZULİ ŞEİRİNİN BİR BƏSTƏKAR QARDAŞI
ŞÖHRƏT TAPDI ADINLA BİZİM ANA YURDUMUZ
MƏN BU KİÇİK ŞEİRİMİ YAZIRAM GÖZ YAŞIMLA
ÇÜNKİ VİDALAŞIRAM BİR ÜRƏK SİRDAŞIMLA
Üzeyir Hacıbəyli şübhəsiz ki, dahi insan idi. Dahi kimdir? Epoxa yaradan şəxs. Biz ən azı peşəkar musiqi sahəsində Üzeyir bəyin epoxasının adamlarıyıq. Zaman nə qədər irəli getsə və musiqimiz nə qədər inkişaf etsə də Üzeyir bəy bizi gələcəkdə qarşılayır. Keçmişdən yola salır, gələcəkdə gözləyir... Dünyanı bəzəyən bütün dahilər kimi...
Şəkillərdə: Üzeyir Hacıbəylinin dəfn mərasimindən görüntülər
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)