Ona operettaları xüsusilə geniş şöhrət qazandırmışdı

Rauf Hacıyevin xatirəsinə həsr olunmuş elmi-yaradıcı diskussiya barədə qeydlər

 

Mədəniyyət Nazirliyi bu dəfə fərqli bir tədbirlə gündəmə gəldi: elmi-yaradıcı diskussiya ilə. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev – 100” adlı musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Rauf Hacıyevin xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya əsl müzakirələrə yol açdı. Amma bu müzakirələrdə Rauf Hacıyevin ümimən yaradıcılığı deyil, onun fəth etdiyi zirvələr söz konusu oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığından bəhs etdi. O, Rauf Hacıyevin rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq söylədi: “Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən Rauf Hacıyevə uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. Rauf Hacıyev eyni zamanda respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə tanınıb”.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhətçisi, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında danışdı. Musiqişünas və jurnalist Raya Abbasova musiqiçinin yaradıcılıq sirlərindən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva özünəməxsusluğundan, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə isə Rauf Hacıyev haqqında xatirələrindən danışdı. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu. 

Tədbirə Niderlanddan onlayn qoşulmuş musiqişünas, jurnalist Natavan Hüseynova Rauf Hacıyevin yaradıcılığından söhbət açaraq, eyni zamanda “Azərbaycanda caz” adlı kitabının təqdimatını etdi. Həmin kitab Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olundu. 

Tədbirdə həmçinin Rauf Hacıyevin ailə üzvləri də iştirak edirdilər.  Lap sonda yaradıcılıq gecəsinə Finlandiyadan onlayn qoşulmuş Natella Rauf qızı Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşkilatçılara təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.