Ruslan Baymurzin: “Qazaxıstan bəstəkarlarının əsərləri Azərbaycan torpağında ilk dəfədir səslənir”

 

“Astana Opera” teatrından gözəl bir qala-konsertin baş tutub. Bəli, xəbər verdiyimiz kimi, Qazaxıstanın “Astana Opera” teatrı 140 nəfərlik heyətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qala-konsert proqramı ilə çıxış edib.

İndi isə təfərrüatı. 

 

Qazaxıstanın Əməkdar artisti Ruslan Baymurzinin dirijorluğu ilə sənətçilər Qazaxıstan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Ruslan Baymurzin “Astana Opera” teatrının Bakıya ilk dəfə gəldiyini söyləyib. “Qazaxıstan bəstəkarlarının əsərləri Azərbaycan torpağında ilk dəfədir səslənir. Proqrama, həmçinin Avropa və Rusiya bəstəkarlarının musiqisi daxil edilib. Dinləyicilər qazaxların dombra milli musiqi alətini dinləmək imkanı da qazanacaq”.

Azərbaycan klassik musiqisinə münasibət bildirən dirijor deyib: “İllər öncə vətənimdə Fikrət Əmirovun simfonik əsərlərini səsləndirmişdim. Fikrət Əmirovun musiqisi çox koloritlidir və olduqca yüksək səviyyədə yazılıb. Simfonik orkestr üçün yazılmış musiqi ifaçıya ünvanlanan bir çağırışdır. Bəstəkar hər bir alətə qarşı həssas olanda orkestr belə musiqini böyük şövqlə ifa edir”.

Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrə toxunan dirijor bildirib ki, bu yaxınlarda azərbaycanlı messo-soprano Səbinə Əsədova Qazaxıstanda olub və onunla birgə çıxış edib. 

Sonra konsert proqramı təqdim olunub. Qazaxıstanın əməkdar artistləri Azamat Jeltırquzov, Jupar Qabdullina, Saltanat Axmetova, Bibigul Januzak, Medet Çotabayev, həmçinin Saltanat Muratbekova, Sayan Isin, Talqat Qaleyev, Şınqıs Rasılxan, Guldana Aldadosova solo nömrələr və duetlərlə çıxış ediblər.

Klassik musiqi həvəskarları Mukan Tulebayevin “Birjan-Sara” operasından deyişmələri, Axmet Jubanovun “Abay” operasından Aydarın ariyasını, Vinçenzo Bellininin “Puritanlar” operasından Elviranın ariyasını və digər əsərləri dinləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.