Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli Musiqi Muzeyində qorunub saxlanılan Bülbülə aid eksponatlardan ibarət sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. Bildirib ki, İtaliyada məşhur "La Skala" Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub. O, 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, Bülbül adına vokal müsabiqəsinin yaradılmasından bəhs edib. Polad Bülbüloğlu Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.
Polad Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışları və opera tamaşalarının proqramlarının nümayiş etdirildiyini və sərginin eksponatlarının musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini əks etdirdiyini və sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə olduğunu bildirib.
Daha sonra Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)