Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunan musiqi axşamı keçirilib

 

Görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz müğənninin yubileyinə həsr olunan konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdən öncə T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova bildirib ki, gənc nəslin  Şövkət xanımın repertuarına müraciət etməsinin məmnunluq doğurur: “Şövkət Ələkbərovanın yaradıcılığına nəzər yetirsək görərik ki, o daha çox vətənpərvər ruhlu mahnılar ifa edib. Çox xoşbəxtəm ki, bugünkü konsertdə həmin mahnılar yenidən ifa olunacaq”.

Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olunub. Sonra Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa ediblər.

Konsertdə Əməkdar artistlər Zakir Əliyev, Nurlan Növrəsli, Nuriyyə Hüseynova, ifaçılar Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nigar Cəlilova, Nəsimi Məmmədov, Aynur İsgəndərli, Vəfa Cəfərova, Cəlal Kərimov, Vəfa Vəzirova, Samir Piriyev, Talıb İsgəndərli, Aişən Eminli, həmçinin xanəndələr Kamilə Nəbiyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli çıxış ediblər.

Proqramda T.Quliyevin “İlk bahar”, “Axşam mahnısı”, “Gül oğlum”, “Sən mənimsən, mən sənin”, E.İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim”, T.Əhmədovun “Güldür məni”, E.Sabitoğlunun “Ağ çiçəyim”, “Dərələr”, “Azərbaycan”, H.Xanməmmədovun “Gözünə qurban”, R.Mirişlinin “Bir könül sındırmışam”, “Sənin vüqarın mənəm”, N.Qəmərlinskinin “Yavaş-yavaş”, C.Cahangirovun “Ana yurdum” və Qəmbər Hüseynlinin “Qoy dolanım başına mən” mahnıları səsləndirilib.

İfaçıları F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri: Mahir Ordubadi) müşayiət edib.

Bütün çıxışlar alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.