Əhməd Cavadın 130 illiyi musiqi axşamı ilə anılıb. Günün ilk xəbəri bu barədədir.
Dünən axşam saatlarında Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə musiqi axşamı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley tədbirində AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblı çıxış edib.
Görkəmli ədibin nəticəsi Cavad Axundzadə Əhməd Cavad və Şükriyyə xanımla bağlı fikirlərini bölüşərək deyib: “Ulu babam Əhməd Cavadın adını daşımaq mənim üçün şərəfdir. O adı mənə Əhməd Cavadın acı taleyi ilə bölüşmüş yoldaşı Şükriyyə xanım verib və mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm”.
Bildirib ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən Əhməd Cavad “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün türk dünyasının birlik simvoluna çevrilib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin himninin sözləri də ulu babası tərəfindən yazılıb.
Cavad Axundzadə tədbirin təşkilinə görə BMM-in rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsi Zivər Ağayevanın sözlərinə bəstələnmiş “Yaşa, mənim xalqım” mahnı ilə başlayıb. Musiqi axşamında Əhməd Cavadın yazdığı şeirlər və şeirlərinə bəstələnən mahnılarla davam edib.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)