Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyidir Featured

 

Musiqi, ümumən mədəniyyət tariximizdə yüksək yer tutan  görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü məhz bu gün  tamam olur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın ömür yolundan və yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Fikrət Əmirovun bəstələri əbədiyaşardı və bu əsərlər daim onu yaşadacaq. Bu gün Fikrət Əmirovun əsərləri dünyanın demək olar ki, hər yerində səslənir. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli diqqətə çatdırıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.

Tədbirdə çıxış edən digər natiqlər də Fikrət Əmirovun bənzərsiz yaradıcılığından söz açıblar.

Xüsusi ilə qeyd edilib ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

Görkəmli şəxsiyyətin ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.