Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verir.
“Ədğbiyyat və incəsənət” portalı xəbər verir ki, cari ilin noyabr ayının 12-23-də Bakı və Gəncə şəhərində silsilə konsertlər, tamaşalar və müvafiq tədbirlərin icrası planlaşdırılır. Belə ki, 12 noyabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, 13 noyabr tarixində teatrın kollektivi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bəstəkarın “Sevil” operasını təqdim edəcək. 18 noyabr tarixində eyni məkanda Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabrın 15-i Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, 17-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək. Noyabr ayının 21-də Beynəlxalq Muğam Mərkəzində Vokal musiqisi axşamı təşkil olunacaq.
Noyabr ayının 22-də Heydər Əliyev Sarayında bəstəkarın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.