Fərqanə Qasımova: “Amma bu yüzlərlə oxuyanın içində, əlbəttə, hamısı yox, az saydası sənətkar adını tuta biləcək” Featured

 

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizi “Çərşənbə söhbətləri” rubrikasında  Respublikanın Əməkdar Artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımova ilə görüşdürür. Fərqanə Qasımova Azərbaycan musiqisinin canlı korifeyi Alim Qasımovun qızıdır, amma sənət yollarında ata şöhrətinə sığınmadan, öz yolu, öz dəst-xətti ilə addımlayır. Xanəndə ilə söhbəti əməkdaşımız Aysel Kərim aparır.

 

-Xoş gördük, dəyərli və əziz Fərqanə xanım. Yay aylarınız necə keçir? Səssizliyə, seyrəkliyə, yoxsa səs-küyə, qələbəliyə meyil edirsiniz?

 

-Xoş gördük, əziz həmsöhbətim Aysel xanım və əziz oxucular. Yay aylarımı öz doğma bölgəm Şamaxı rayonunda keçirirəm. Həqiqətən də bura səssiz, səs-küydən, qələbəlikdən uzaq bir yer olduğu üçün burada özümü tapıram, istirahət edirəm. İstirahət dedikdə, ən azı, sakit yaşam tərzi yaşayıram. Burda xüsusi bir istirahət seçimim yoxdur. Elə səs-küydən uzaq durmağın, sakitçiliyin özü də indi mənə görə böyük bir istirahət sayılır.

 

-Studiya çalışmamızda bir ifadənizi xatırlayıram. “Kaş ki, bəstəkar olardım, xanəndəliyin sirrini, onsuz da, atam öyrədirdi” deyib təəssüf hissinizi ifadə etmişdiniz. Oxucular üçün bunu daha ətraflı izah edərsinizmi?

 

-Bəli, Aysel xanım, siz o ifadəni çox düz xatırlayırsınız. Mənim keçmişdə “kaş ki” dediyim sözlər çox deyil. Deyərdim, bir və ya iki dənə olar. Çünki mən həmişə yaşam tərzimdən razı qalan insanam. Hər zaman nə qədər çətinliklərdən, hansı keşməkeşdən keçsəm də “bu mənim yaşam tərzimdir” anlayışı ilə çox rahat davranıram. Yəni bu həyatda heç bir peşmançılıqlarım yoxdur. Amma “kaş ki” dediyim bir-iki məsələ var. Onlardan birini oxucular üçün açıqlamaq istəyirəm. “Mən 1996-cı ildə Konservatoriyaya daxil olanda kaş ki, xanəndəlik yox, bəstəkarlıq üzrə təhsil alardım” deyə düşünürəm. Çünki mənim orta ali piano təhsilim olduğu üçün belə bir fürsətə sahib idim. Ona görə də bu cür şansı əlimdən qaçırdığıma görə “kaş ki” deyib hərdən təəssüflənirəm. Xatırlayıram, Aysel xanım, mən bunu sizə dedikdə siz həmin an özünüz də buyurdunuz ki, indi də gec deyil. Bəli, mən də sizinlə razıyam ki, heç də gec deyil. Yəqin ki, gələcək illərdə mən bu “kaşkimi” həyata keçirə bilərəm. Bunu edə biləcəyimi düşünürəm.

 

-Əvvəl sənətkarlar sənətini televiziyada nümayiş etdirirdi. Tanınmış sənətçilər çox az idi. Bədii Şuraların ələyindən ələnmək lazım gəlirdi. İndi gənclər sənətə demək olar ki, birbaşa sosial media üzərindən gəlirlər. Paylaşımlarını reklam edərək milyonlarla insanın önünə çıxmaq şansına sahibdirlər. Tez zamanda tanınmağı, ifalarını tanıtmağı asan bacarırlar. Siz o dövrü, yoxsa indiki dövrü qiymətləndirirsiniz? Dünya səhnələrində ifa nümayiş etdirmiş sənətkar olaraq müqayisələriniz çox maraqlı olar.
-
Bəli, əvvəl sənətkarlar sənəti televiziyada nümayiş etdirirdilər. Sizinlə tamamilə razıyam. Mən deyərdim ki, o zamanı sevirəm. O zaman sosial şəbəkələr yox idi. Yəqin ki, olsaydı o cür olmazdı və bu gün var deyə bu dəyişim, fərqlilik özünü göstərir. Alim Qasımov danışır ki, “ Xatırlayıram, gənc idim, rəhmətlik böyük tarzənimiz Hacı Xanməmmədov televiziyaya müraciət etdi ki, “İstedadlı gənc xanəndəmiz var, adı Alim Qasımovdur. İstəyirəm onunla ”Çahargah” dəstgahı yazdırım”, amma onun bu müraciətinə müsbət cavab gəlmədi. Baxmayaraq ki, bunu Hacı Xanməmmədov demişdi, yenə də yaşımın gənc olmasına görə heç mənim istedadını ölçmədən icazə vermədilər.” Görürsünüzmü? O dövr də belə dövr idi. Əgər o vaxt icazə versəydilər belə yadigar bir əsər olardı. Çox təəssüf ki, razı olmadılar. Amma o zamanın ən böyük dəyəri onda olub ki, məsələn, bizim on xanəndəmiz olubsa, elə onu da öz möhürünü vurmuş, tarixdə qalmış sənətkarlar olub. Onlar öz güclərinə, xalqın ələyindən keçib televiziyada, istər radioda özlərini doğrulda-doğrulda, sevdirə-sevdirə gəlib böyük sənətkarlara çevriliblər. İndinin özündə onların səsini biz eşidəndə üzlərini görməsək də bilirik ki, bu hansı xanəndəmizdir, Rübabə xanım Muradovadır, Tükəzban xanım İsmayılovadır, Sara xanım Qədimovadır, Şövkət xanım Ələkbərovadır, digərləridir. Həmçinin, eynilə də kişi xanəndələrimiz olsun. Amma bu gün sosial şəbəkənin inkişaf etdiyi bir dövrdə bəzən biz kimlərisə adi ötürürük. Tanısaq da belə ona sənətçi kimi baxmırıq. Yaxud TV-lərdə hər kəsə yaşıl işıq yandırırlar, bəziləri oxuyan kimi kanalı çeviririk, hansınısa sevirik, hansınısa sevmirik. O zamanlar isə bütün sənətkarlar o qədər dəyərli idi və sevilirdilər ki, hərəsi bir sənət, bir tarix, bir əsər idi. Bu gün hamı axına düşüb, hamı oxuyur, amma bu yüzlərlə oxuyanın içində üç-dörd nəfər sənətkar olar, ya olmaz. O bir məsəl var, deyir, “Palaza bürün, elnən sürün”. Hamı o selin içində axıb gedir, inanın. Bu, əlbəttə çox üzücü və kədərlidir.

 

-Pandemiya mədəniyyət sahəsinə çox təsir etdi. Bu sənətə heç ara verməyi düşündüyünüz oldumu?

 

-İstəsək də, istəməsək də sənətlə aramızda böyük ayrılığa səbəb oldu bu bəla. Baxmayaraq ki, biz bu sıralarda az da olsa xaricdə konsertlərə getdik. Əlbəttə, pandemiyayla bağlı daha çoxusu mümkün olmadı. Sərhəd yolları bağlı, səhnələr bağlı. Nə yaxşı ki, istisnalar oldu. Bu ərəfələrdə Portuqaliyada mənim solo konsertim keçirildi. Sonra Alim müəllimlə Moskvada bizim iki konsertimiz oldu. (Bu konsertlər barədə “Ədəbiyyat və incəsənət” xəbər vermişdi – red.) Sonra mənim Fransada üç konsertim oldu. Yəni özümüzdən asılı olmadan biz bu pandemiya çuxasından arada çıxa bildik. Mən bu sənətə ara verməyi düşünmürəm və düşünməmişəm. İşsiz-gücsüz qaldığım müddətdə isə mən yenə də öz musiqi fəaliyyətimlə təmasda oldum. Bəzi muğamlara, bəzi qədim təsniflərə baş vurdum. İnanıram ki, pandemiya hamımızı nə vaxtsa azad buraxar. Rahatçılığa qovuşarıq. Yenə də öz sənət həyatımızla yenidən birgə addımlamış olarıq.

 

-İndiki yaşınız sizə nə hiss etdirir?

 

-Mən elə bilirəm ki, hər zaman bu yaşda olmuşam. Keçmişi, sadəcə, oxuduğum kitab kimi xatırlayıram. Elə bil kiminsə bir romanını, kiminsə hekayəsini oxumuşam. Orda sadəcə özümü, öz həyatımı oxuyuram, nəinki başqasını. Əgər bu həyatı yaşamasaydım heç vaxt keçmişə baxıb “kaş bunu öncədən bilərdim” deyə bilməzdim indi. Demək ki, yaşamısan, öyrənmisən. Keçmişə baxanda isə hansısa boşluğu görürsən. O boşluğu görmək üçün mütləq sən onu yaşamalısan ki, bu gün sən onu hiss edə biləsən, dərk edə biləsən. Ancaq mən heç bir zaman həyatda “kaş” sözünü işlətməyi sevməmişəm. Məhz ona görə ki, bu söz Allahın xoşuna gəlmir. Allah bu sözü bəyənmir. Biz Allahın bizə yaşatdıqlarını, bizə qismət etdiklərini yaşayırıq. Mən bunu belə başa düşürəm. Əlbəttə, hətta bəzi seçimləri Allah bizim üzərimizə qoyarsa belə, yenə də mən düşünürəm ki, biz Allahın istədiyi cür yaşayırıq. Nə qədər böyük dərdin, problemin olsa da “bunu Allah yaşatdı” deyib düşünsən, rahat qəbul edə bilərsən, rahat yaşayarsan. Bu hissin adı isə kamillik olar, beləcə bu həyatdan kamilcə keçə bilərsən.

 

-Siz lirik əsərlərdə, lirik mahnılarda özünüzü tapmısınız. Biz də artıq sizi belə qəbul etmişik. Ritmik mahnılar ifa etməməyiniz xarakterinizdən irəli gəlir?

 

-Aysel xanım, düz düşünürsünüz. Lirik əsərlərdə, lirik mahnılarda, bəli, özümü tapıram. Nəinki lirik mahnılar və lirik əsərlər, siz diqqət etsəniz mənim ifa etdiyim əsərlərin içində çox etnik səslər, etnik musiqi janrı var. Özümüzün milli və bəstəkar mahnılarımızın ritmini dəyişməyi, aranjıman etdirməyi, başqa tərzdə, içimdən gələn formada oxumağı çox sevirəm, çox bəyənirəm. Ritmik mahnılara gəldikdə isə, düzdür,  mən oxumuşam, mənim repertuarımda var, amma o cür deyil ki, mən oxuyum, insanlar qalxsın oynasın. Yox. Elə gözəl ritmik mahnılar da var ki, həqiqətən insanın, necə deyərlər kefini, əhval-ruhiyyəsini düzəldir, amma o demək deyil ki, həmin mahnılara toyxana mahnıları kimi, həmən qalxıb oynanılmalıdır.

 

- Tamaşaçı diqqəti sizi qane edirmi?

 

-Bu gün o qədər, cürbəcür bayağı mahnılar, ifaçılar və ifalar, tərzlər, üslublar, aranjımanlar var ki, insanlar özlərinin artıq nəyə qulaq asdıqlarını çaşdırıblar. Siz yaradıcı gəncimiz kimi özünüz də bunu çox gözəl bilirsiniz, əziz Aysel. İnsanların artıq zövqü qarışıb. Bir vaxt mən filan mahnıları sevirəm deyənlər artıq hər cür mahnıya qulaq asırlar. Özü də artıq çözə bilmirlər ki, nəyi sevir, nəyi sevmirlər. Ona görə də mən indiki insanları qınamıram. Biz elə zəmanəyə gəlmişik ki, insanların zövqünü çaşdırmışıq. Onları özlərindən və öz dünyalarından uzaqlaşdırmışıq. Onlar da artıq özlərini bu janrlarda tapa bilmirlər. Mən isə öz tamaşaçılarımdan çox məmnunam. Çünki bəzi tamaşaçılar ağı-qaradan seçməyi bacarırlar. Çox şükür ki, belələri hələ də mövcuddurlar.

 

-Atanız Alim Qasımov həm də müəlliminizdir. Siz tələbə olan dönəmlər Alim müəllimin iradlarını rahat qəbul edirdiniz?

 

-Bəli, Alim Qasımov mənim əzəli və əbədi müəllimimdir. Niyə belə deyirəm, çünki mənim sənətdə başqa müəllimim olmayıb. Bir tək səsyazmalardan dinlədiyim ifaçıların üzərimdə haqqı da var ki, onlardan hansısa bir nəfəs, boğazda hansısa xırdalıq götürmüşəm. Əlbəttə ki, bunu da danmaq olmaz. Bəli, Alim müəllimin iradları çox olub. Alim müəllim heç nəyi boğazdan yuxarı etməyib. Eləcə də mənə qarşı bu sənətdə hər şeyi ürəkdən edib, elə-belə etməyib. Nə öyrədibsə, nə deyibsə ürəkdən edib. Alim müəllim heç bir sirlərini məndən gizlətməyib. Bu mənim çox xoşuma gəlib. Ağıl və məntiqlə düşünmüşəm deyə, ürəyimdə demişəm ki, yaxşı ki, mənim atamın bu cür qəlbi var, heç bir sirrini məndən gizlətmir.
-Mütaliəyə marağınızdan xəbərim var. Hansı mövzuda kitablar oxuyursunuz?

 

-Mənim, əsasən, mütaliə etdiyim kitablar böyük, dahi klassik şairlərin qəzəlləri, şeirləri, həyat-yaradıcılıqları olur. İndiki dövrdə bəzi kitablar var ki, onlar müasir insanı anladan kitablardır. Məsələn, bizə bəzi şeyləri vaxtı ilə yanlış aşıladan, bu gün isə doğru aşılayan kitablar var. İstər övlad tərbiyəsi, istər insanlara qarşı mövqe, istər şəxsi maraqları əks etdirən kitablar olsun. Əlbəttə, oxumağa həvəsim var.
-Siz Tanrıya inanclı bəndəsiniz. İnanmayanlarla mübahisəniz olurmu? Yoxsa onları öz mənəvi dünyaları ilə baş-başa buraxırsınız?

 

-Bəli, Əlhəmdülillah. O da bizə Allahın böyük lütfüdür ki, Allah hər bəndəsinə öz sevgisini verməz. Əgər Allah bizə öz sevgisini verməsə biz əsla onu sevə bilmərik. Çünki Allah bizim görmədiyimiz bir varlıqdır ki, o, öz məhəbbətini bizə hədiyyə edir və biz onu sevirik. Mən də Allahın lütf qazanmış bəndələrindənəm ki, Allahtəala mənə öz sevgisini bəxş edib. Allah təki bu sevgini əbədi etsin. İnanmayanlara mənim heç bir sözüm ola bilməz. Əstağfurullah. Əsla! Artıq söz deyə bilmərəm. Çünki həyat çox qəribədir. Mən bəzi şeylərdən çox qorxuram. Mən bu gün Allahı sevdiyimə görə o qədər şükr edirəm ki. Bu məhəbbətin məndə əbədi qalmasını ancaq Allahdan diləyirəm. Sevməyənlərə isə Allahdan şəfa diləyirəm.

 

-Dörd övlad anasısınız.  Uşaqlarınızla vaxt keçirtməyə zamanınız olurmu? Böyük qızınız bilirik ki, tələbədir.
-Bəli, Allah cümlə balaları valideynlərinə çox görməsin. Bu bəşəriyyət üçün, bu cahan üçün hər bir övladı xeyirli övlad etsin ki, zamanəmiz, dövrümüz pisliyə deyil, yaxşılığa getsin inşallah. Bu, bizim dünyaya gətirdiyimiz övladlardan çox asılı olan bir şeydi. Nə qədər zamanım olubsa mənə ayırılan ömürdən mən zamanımı övladlarıma ayırmışam. Mən özüm üçün yaşamamışam bu həyatda. Nə qədər vaxtım olub, övladlarım üçün, sənətim üçün yaşamışam. Xüsusi bir zaman ayırmamışam özümə. Yalan nə deyim. Bəlkə bundan sonra övladlarım böyüyər, ola bilər ki, bundan sonra zamanım olar. Amma çox şükür ki, Allahtəala mənə zaman verib ki, sənətim üçün, xalqıma yararlı insan olmaq üçün, sənətimi yaşatmaq üçün yaşayım. İnsanlara paklğı mesaj etməklə yaşamışam. Kimin üçün, kimlər üçünsə yaşamaq mənimçün böyük hissdir. Bəli, qızım tələbədir. Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Heykəltaraşlıq üzrə təhsil alır.

 

- Çox təmkinli, səbrli insan təsəvvürü yaradırsınız. Belə xarakterlə bu dövrdə sizə çətin deyilmi?

 

-Bəli, düz qeyd etdiniz, görünüşümlə xatakterim üst-üstə düşür. Doğrudan da o cür insan tipindəyəm. Təmkinli və səbrli insanam. Əlbəttə ki, hamının formadan çıxmaq obrazı da olur. Deyə bilmərəm ki, mən ömür boyu səbrliyəm. Bu heç düzgün olmaz. O bir söz var, üzr istəyirəm, deyirlər, gərək həyası olmayan biri olasan ki, işlərin qabağa getsin. Bəzən nələrsə adamın səbrini alır. Amma bu istisnadır. Yenə də deyirəm ki, Allah bizə nəyi yazırsa onu da yaşayırıq.

 

- Hansısa arzunuzun gerçək olmamasına görə sonradan Tanrıya şükür etdiyiniz olubmu?

 

-Bəli, elə dualarım olub ki, indi, məsələn, tövbə edirəm ki, mən gərək o duanı etməzdim. Hətta dua etmişəm ki, kaş belə olardı, sonradan görmüşəm ki, mən dua etsəm də, ancaq mənim bəxtimə, taleyimə bu yazılmayıb. Tövbə etmişəm ki, Allahım, onu mən səndən israrla istəmişəm. Ancaq mən sənin verdiyin yazıyla razılaşıram. Çox şükür edirəm və səndən əvf diləyirəm.
-Səhnə və alqış Fərqanə Qasımova üçün nəyi ifadə edir? Hər gurultulu alqışda, hər tamaşaçı diqqətində o, yenidənmi doğulur?

 

-Səhnə və alqış bizim evimizdən, işimizdən, yaşadığımız hərgünkü həyatımızdan  tamamən çox fərqli yerdədir. Səhnə və alqış hər adama qismət olmur. Allahın qismətinə yazdığı insanlara nəsib olur. Çox şükür ki, mən onu həm böyük ustad, həm böyük sənətkar Alim Qasımovla paylaşmışam. Həm də, tək halda da dəfələrlə yaşadığım olub. O, elə hissdir ki, onu orda yaşayan an hiss edirsən ki, sən hardasan və kimlərlə bir yerdəsən.

 

-Sizi bu həyatda ən çox nə kədərləndirib, nə sevindirə bilər?

 

-Mən hər zaman deyirəm ki, sabah başımıza nələr gələcəyini bilmirik. Mən həyatda  heç kimə nə çox kədərlənməyi, nə də heç kimə çox sevinməyi arzu etmirəm. Mən öz payıma deyirəm, sakit həyatımız olsun. Allahdan bunu istəyirəm. Düzdür, gələn kədər də, sevinc də Allahdandır, ancaq mən həm özümə, həm də hər kəsə arzu edirəm ki,  Allahtəala bu dünyada hamımıza rəhm etsin.

 

-Arzunuz çin olsun, dəyərli Fərqanə xanım. Müsahibəyə görə minnətdarıq sizə.

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.