Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dünyaşöhrətli bəstəkar və müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Ey əziz anam, Azərbaycan” adlı konsert keçirilib.
Baş İdarədən verilən açıqlamaya görə, konsertdə müğənninin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbinin respublika və beynəlxalq mükafatlar laureatı olan şagirdləri və musiqi kollektivləri çıxış edib.
Orxan Həşimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi proqramda Azərbaycan, rus və xarici ölkə bəstəkarlarının əsərlərini məktəbin xoru, “Buta” qanunçalanlar ansamblı, “Fantaziya” skripkaçılar ansamblı, eləcə də musiqi məktəbinin müəllim və şagirdləri səsləndiriblər.
Konsertdə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin repertuarından olan mahnılar ifa olunub və onun həyatından bəhs edilən videoçarx nümayiş etdirilib.
Daha sonra məktəbin birləşmiş xorunun L.Mehdiyevanın Müslüm Maqomayevə həsr etdiyi “İthaf” adlı əsərinin ifası böyük sənətkara ehtiramın təcəssümü kimi tamaşaçıların yaddaşında özünəməxsus iz qoyub.