“Sirius”– səmada ən parlaq ulduzlardan biridir, yaxud Firəngiz Əlizadə festivalının ştrixləri Featured

Firəngiz xanım Əlizadə bənzərsiz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ etməkdədir. Musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə UNESCO-nun “Sülh artisti” mükafatına da layiq görülüb. Azərbaycan xalqının qədirbilən insanları durduqca Firəngiz xanımın müəllifi olduğu əsərlər daima yaşayacaq və heç vaxt unudulmayacaqdır. “Ədəbiyyat və incəsənət” portalı Aysel Kərimin təqdimatında Firəngiz Əlizadənin yubileyinə həsr olunmuş musiqi festivalının təfərrüatlarını diqqətinizə çatdırır.

 

DÜNYAŞÖHRƏTLİ BƏSTƏKAR, GÖRKƏMLİ MUSİQİ XADİMİ, İCTİMAİ XADİM, RESPUBLİKANIN XALQ ARTİSTİ, UNESCO-nun SÜLH ARTİSTİ, AMEA-nın MÜXBİR ÜZVÜ, “ŞÖHRƏT” VƏ “ŞƏRƏF” ORDENLİ, “AĞA KHAN MUSİC AWARDS-2019” MÜKAFATI LAUREATI, PROFESSOR FİRƏNGİZ ƏLİZADƏNİN 31 MAY-4 İYUN TARİXLƏRİNDƏ KEÇİRİLMİŞ VƏ 75 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MUSİQİ FESTİVALI BARƏDƏ QEYDLƏR.

 

31 may

Festivalın ilk günü 31 may tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda elmi konfrans keçirildi. Konfransı ön sözlə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor  Zemfira Qafarova açdı. Daha sonra Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Firəngiz Əlizadənin Azərbaycan incəsənətinə gətirdiyi yeniliklər”, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva “Firəngiz Əlizadənin musiqi üslubunun bəzi xüsusiyyətləri”, Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Firəngiz Əlizadə yaradıcılığının Türkiyə səhifələri”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli “Firəngiz Əlizadənin “NİZAMİ Cosmology” əsərinin dramaturji konsepsiyası” adlı məruzələrlə çıxış etdilər. Sonda Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə “Firəngiz Əlizadənin fortepiano musiqisi”ni təqdim etdi.

 

1 iyun

İyunun 1-i, festivalın 2-ci günü Beynəlxalq Muğam Mərkəzində musiqi festivalı çərçivəsində Firəngiz Əlizadənin kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Beş kamera-instrumental əsərin yer aldığı konsertdə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi.

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin icraçı direktoru Günay Əliyeva bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, ölkəmizi bütün dünyada tanıtmasından və bəstələdiyi bənzərsiz əsərlərdən söz açdı.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Əliyeva rektor Fərhad Bədəlbəylinin adından bəstəkarı təbrik edərək onun musiqi mədəniyyətimizdəki xidmətlərindən danışdı.

Konsertdə səsləndiriləcək əsərlər barədə məlumat verildi.

Yubiley tədbirində ifa edilən “Methamorfosis”, “Sirius” və “Dance” əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzində solistlər Onur Özkan (kontrabas, Türkiyə), Marcıs Kuplais (violonçel, İsveçrə), Boris Paşkin (vibrafon, Rusiya) çıxış etdilər.

Proqramda yer alan əsərlər:  “Methamorfosis”(2002). Simli orkestr üçün, “Sirius” (2015). Solo vibrofon üçün, “Deyişmə II” (2005). Kontrabas, tabla və kamera orkestri üçün, “Oyan!” (2005). Solo violonçel üçün, “Dance” (2016).

 

“Methamorfosis”(2002)

Kamera orkestri üçün nəzərdə tutulan bu əsər “Berliner Philharmoniker”  orkestrinin təklifi ilə bəstələnmişdir və ilk dəfə kollektivin yubiley konsertində Berlin Filarmoniyasının böyük konsert salonunda səsləndirilmişdir. Sonralar bir çox kamera orkestrləri bu əsəri öz repertuarına daxil etmiş və kompakt disklərə (Almaniya və İsveçrədə) yazdırmışlar. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri F.Kərimovun rəhbərliyi ilə bu musiqini bir neçə dəfə Bakıda ifa etmişdir.

Sirius (2015)
Əsər gözəl səs tembri olan vibrafon üçün yazılıb və İngiltərənin məşhur zərb alətləri ifaçısı Evelyn Glennienin 50 illiyinə həsr olunub. Evelyn Glennie bu əsəri müxtəlif ölkələrdə ifa edərək daimi olaraq öz repertuarına daxil etmişdir. O, qeyd edir ki, “solo vibrafon üçün yazılmış bu pyesi ifa etdikdə, sanki arxadan müxtəlif əsrarəngiz səslənmələri müşahidə edirəm”. “Sirius”– səmada ən parlaq ulduzlardan biridir. Müəllif əsərini məhz zərb alətlərində ən parlaq ifaçı olan Evelyn Glennienin şərəfinə belə adlandırmışdır. Amma bu bənzətməni elə Firəngiz xanımın özünə də aid etmək olar.

“Deyişmə II”

Əsər Almaniyanın Osnabrück şəhərində keçirilən  “Morgenland” Festivalı tərəfindən sifariş olunmuşdur və həmin ildə Potsdamer Kammerakademie” orkestrinin ifasında Festivalın açılış tədbirində təqdim olunmuşdur. Bu əsərdə solo partiyalar qeyri-adi alətlər üçün nəzərdə tutulub və “Şərg-Qərb” konsepsiyasına uyğun işlənilib.

Avropanın ən “qəliz” aləti hesab edilən kontrabasın Hindistanın ənənəvi aləti olan  tabla ilə birləşməsi ilk dəfə kamera orkestrinin müşaiyəti ilə səslənmişdir. Bu, kontrabas ifaçıları üçün yazılan ən çətin əsər sayılır və müsabiqə proqramlarına daxil edilir.

Əsər Bakıda ilk dəfə səsləndi və Türkiyənin tanınmış kontrabas ifaçısı – Onur Özkayanın ifasında təqdim olundu.

“Oyan!” (2005)

Əsər Parisdə keçirilən Ms. Rostropovich adına VIII Beynəlxalq ifaçıların müsabiqəsi üçün sifariş olunmuşdur və 2005-ci ildə müsabiqənin təntənəli bağlanış konsertində Theatredu Chateler salonunda səsləndirilmişdir. Almaniyalı violonçel ifaçısı Marie Elizabeth Hecker bu əsərin ən yaxşı ifasına görə xüsusi mükafatla təltif olunmuşdur. Bir sıra virtuoz violonçel ifaçılarının repertuarına salınmış bu əsər Bakıda ilk dəfə İsveçrəli ifaçı – Marcis Kuplaisin interpretasiyasında səsləndi.

“Dance”  (2016)

F. Əlizadənin ən populyar əsərlərindəndir və dünyanın  bir çox simli kvartetləri və kamera orkestrləri tərəfindən həvəslə konsert proqramlarına salınır. İlk dəfə San Fransiskoda (ABŞ) “Kronos” kvarteti tərəfindən 2016-cı ilin fevralında təqdim olunmuşdur və o vaxtdan kollektivin daimi repertuarında yer almaqdadır.

Azərbaycan musiqisinin melodiyaları əsasında yaradılan bu əsərdə F. Əlizadə tamamilə yeni üsullardan istifadə edərək orijinal və parlaq konsert pyesi ərsəyə gətirib. Təsadüfi deyil ki, bir çox konsertlərdə bu musiqi parçası “Bis” olaraq təqdim olunur.

 

2 iyun

İyunun 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Firəngiz Əlizadəyə həsr olunan kitabların və kompakt disklərin təqdimatı keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq dedi: “Bu gün kitabxanada musiqi bayramıdır, sənətşünaslıq bayramıdır. Həmişə Milli Kitabxanada kitab təqdimatları keçirilir, bu gün isə tam fərqli təqdimata – Firəngiz Əlizadənin gördüyü işlərin təqdimatına yığışmışıq. Firəngiz xanımı hər kəs tanıyır və sevir. Bir neçə gün öncə Bəstəkarlar İttifaqında nümayiş olunan Firəngiz Əlizadəyə həsr olunan filmə baxarkən onun yaradıcılığının möhtəşəmliyinin bir daha şahidi oldum. Mayın 31-dən iyunun 4-dək Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr olunan musiqi festivalı keçirilir. Festivalın əsas məqsədi görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığını yubiley çərçivəsində bir daha musiqisevərlərə təqdim etməkdir”.

Tədbirdə Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan qısa klip təqdim olundu.

Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirdi. Sonra o, təqdim olunan kompakt disklər və kitablar haqqında iştirakçılara ətraflı məlumat verdi.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova dəfələrlə Milli Kitabxanada kitab, not məcmuələrinin təqdimatında iştirak etdiklərini söylədi: “Bu gün isə Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən musiqi festivalı çərçivəsində ona həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasiminə toplaşmışıq. Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, çoxsaylı mükafatlara layiq görülüb. Bu kitablar və kompakt disklər onun yaradıcılığının şah əsəri sayılır.”

Tədbirdə Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Naxçıvan Dövlət Universitetinin musiqi sənəti kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova və digərləri çıxış edərək Firəngiz Əlizadəni yubiley münasibətilə təbrik etdilər və yubilyara yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda qonaqlar Firəngiz Əlizadənin həyat və yaradıcılığını əhatə edən, Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış oldular.

 

3 iyun

Festival çərçivəsində iyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti tədbir keçirildi.

Gecədə təbrik nitqi ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu sözləri dilə gətirdi: “Bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar bir gündür. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan və mədəniyyətimizin inkişafına xüsusi töhfələr verən Firəngiz Əlizadənin yubileyinə toplaşmışıq. Bu gün fəxrlə deyə bilərik ki, Firəngiz xanım özünəməxsus dəst-xətti olan bəstəkar, Azərbaycan bəstəkarlıq sənətinin, klassik musiqi üslubunun zənginləşməsində əməyi olan bir şəxsiyyətdir. Firəngiz Əlizadə Azərbaycan musiqisini yüksək səviyyəyə qaldıran sənətkarlardandır. Onun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bəstəkar dövlət başçısı tərəfindən "Şöhrət", "Şərəf" ordenləri və bu günlərdə isə “Prezidentin fəxri diplomu” ilə təltif edilib. Firəngiz xanımın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. O, UNESCO-nun “Sülh artisti” adına layiq görülən yeganə azərbaycanlıdır”.

Nazir bəstəkarı yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.

Firəngiz Əlizadə nazir Anar Kərimova minnətdarlığını ifadə edərək tədbirə qatılan qonaqlara təşəkkürünü bildirdi.

Yubiley münasibətilə Almaniyadan Bakıya qonaq gələn “Hans Sikorski” nəşriyyatının nümayəndəsi Qabriel Teşner çıxış edərək yubilyarı təbrik etdi, bəstəkarla birgə fəaliyyətlərindən məmnunluğunu dilə gətirdi.

Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, “Daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. Onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Bəstəkarın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.”

Çıxışlardan sonra yubiley gecəsi xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam etdi.

Bəstəkarın böyük simfonik orkestr üçün yazdığı “Nağıllar”, ən çox ifa olunan, violonçel və simfonik orkestr üçün yazdığı “Mərsiyə”, “İntizar” operasından ananın ariyası maraqla qarşılandı. “Mərsiyə” İsveçrədən gələn ifaçı Marcis Kuplais tərəfindən səsləndirildi. Solist bəstəkara hədiyyə olaraq soloda latış xalq mahnısı da ifa etdi. Ananın ariyasını isə xalq artisti Gülnaz İsmayılova səsləndirdi.

Yubiley gecəsi bəstəkarın yeni əsərlərindən biri olan “Nizami fəzası”nın (“Nizami Cosmology”) təqdimatı ilə yekunlaşdı. Qeyd edək ki, əsər Azərbaycanda ilk dəfə səslənirdi. Zəngin orkestr üslubu və möhtəşəm quruluşa malik olan bu yeni əsər Azərbaycan simfonik musiqisinə dəyərli töhfədir.

Konsert bəstəkara ünvanlanan təbriklər və böyük alqışlarla yekunlaşdı.

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında, xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə,Marcis Kuplais (violonçel, İsveçrə) və xalq artisti Gülnaz İsmayılovanın (soprano) solistliyi ilə keçən konsert proqramında bu əsərlər səsləndirildi:

 “Nağıllar” (2002). Böyük simfonik orkestr üçün. Bakıda ilk ifa;

“Mərsiyə” (2002). Violonçel və simfonik orkestr üçün Konsert;

“İntizar” operasından Ananın ariyası;

 “Nizami Cosmology” (2021). Simfonik orkestr və elektron səsləri üçün. Bakıda ilk ifa;

“NAĞILLAR”

F. Əlizadənin böyük simfonik orkestr  üçün yazılan “Nağıllar” əsəri ilk dəfə 2005-ci ildə İsveçrənin “Luzernefestwochen” Beynəlxalq Musiqi Festivalında səslənmişdir. “Swiss Symphony Orchester” tərəfindən təqdim olunan bu əsər finlandiyalı dirijor Suzanna Malkki tərəfindən təfsir edilmişdir. O vaxtdan “Nağıllar” bir çox Avropa və Amerika simfonik orkestrlərinin ifasında müxtəlif Festival və Forumlarda təqdim olunmuşdur. Təkcə bu konsert sezonunda Fransanın Monpelye, Amerikanın Minnesota və Sent Luis şəhərlərində böyük uğurla ifa olunmuşdur.

“MƏRSİYƏ”

 Violonçel və simfonik orkestr üçün konsert F. Əlizadənin ən çox ifa olunan musiqisidir. 2002-ci ildə bəstələnmiş bu əsər Birinci Qarabağ müharibəsində həlak olmuş Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Dünyanın məşhur violonçel ustadları bu Konserti həvəslə öz repertuarlarına daxil edirlər. Onların arasında İvan Monigetti, David Geringas, Yulius Berger, Aleksandr Piriyev, Raymond Korrup kimi ifaçıların adlarını çəkmək olar. Bu gün bu əsəri gənc nəslin nümayəndəsi, virtuoz ifaçı, İsveçrədən təşrif buyuran – Marcis Kuplais təqdim edir.

“İNTİZAR”operasından ANANIN ARİYASI

F. Əlizadənin “İntizar” operası müasir Azərbaycan musiqisində Qarabağ hadisələrinə həsr olunan ən iri həcmli və geniş dinləyici tərəfindən rəğbətlə qəbul olunan əsərdir. Əsər daima Opera və Balet Teatrımızın repertuarında səslənir və onun əsasında çəkilən film dəfələrlə“Mədəniyyət”kanalında təqdim olunmuşdur.

“Ananın( Əslinin ) ariyası”operanın ən təsirli səhifələrindəndir. Burada Azərbaycan qadınının ülvi hissləri və dərin düşüncələri böyük bədii məharətlə ifadə olunub; vətənpərvərlik və sadiqlik, ailəsinə bağlılıq və övladlarına məhəbbət əsas qayəni təşkil edir. Ariyanın musiqisi zərif boyalarla işlənmişdir; ananın arzu və həyəcanları lirik melodiyalar və orkestrin ifadəli müşaiyəti ilə əks edilmişdir.

“NİZAMİ Cosmology”

Firəngiz Əlizadənin yeni əsərlərindən biridir (2021 il ) və dahi şair-mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur. Bu ilin aprel ayında İngiltərədə dünya premyerası baş tutmuş bu əsər gənc nəslin ən tanınmış dirijorlarından olan Kiril Karabitsin (Ukrayna, Fransa) rəhbərliyi altında “Bournemouth Simphomy Orchestra” tərəfindən təqdim edilmişdir. Böyük maraq və rəğbətlə qarşılanan “Nizami Cosmology” ingilis mətbuatında geniş işıqlandırılmışdır.

Misteriya janrında yazılan bu əsər Nizaminin kainat, səma və ulduzlar haqqında söylədikləri sətirlərdən bəhrələnib. XII əsrdə qeyri-adi səslənən və uzaqgörənliklə insanı heyrətə gətirən şairin düşüncələri və fərziyyələrindən təsirlənərək bəstəkar musiqi dili ilə öz heyranlıq və ehtiramını ifadə etmişdir.

F. Əlizadənin zəngin orkestr üslubu və möhtəşəm quruluşa malik olan bu yeni əsəri Azərbaycan  simfonik musiqisinə dəyərli töhfədir.

 

4 iyun - Festivalın sonuncu günü

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “İntizar” operası nümayiş olundu. Dirijor – Əməkdar artist, dirijorların beynəlxalq müsabiqəsi laureatı, “Humay” Milli mükafatı laureatı Əyyub Quliyev, Quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Hafiz Quliyev,Xormeyster – Əməkdar incəsənət xadimi  Sevil Hacıyeva idi.

Solistləri təqdim edirəm: Seyid kişirolundaXalq artisti Əkrəm Poladov(bariton), Əslirolunda Xalq artistiQənirə Kərimova(soprano),Mələk rolunda Əməkdar artist İnarə Babayeva (soprano),Arif rolunda Əməkdar artist Ramil Qasımov (tenor), Yad adam rolunda Əməkdar artist İlham Nəzərov (kontr-tenor).

Beləcə, bu möhtəşəm festival yekunlaşdı. Festival xatirəmə yaddaqalan məqamlarla həkk olundu. Bir daha Firəngiz xanımı 75 illik yubileyi münasibətilə təbrik edirəm.

 

Şəkillərdə: Festivaldan görüntülər; Firəngiz xanım və Aysel Kərim.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.