Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Yeni adlar” layihəsi davam edir

 

Mədəniyyət Nazirliyi tərəfindən  bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi üzrə növbəti musiqi axşamı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) və Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olunub.

Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiət edib.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri olub.

Proqramda Tofiq Bakıxanovun tar və orkestr üçün 1 nömrəli konserti və Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti ifa olunub. Çıxışlar alqışlarla qarşılanıb.

 

*

 

“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

Tahir Əmrahov 1993-cü ildə Sabirabad rayonunda anadan olub. 2009-cu ildə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbini tar sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub.

T. Əmrahov 2005-ci ildə H.Xanməmmədov adına Vll Bakı uşaq musiqi müsabiqəsində ll yer, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş l Respublika müsabiqəsində ll yer, həmin ildə Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində l yer, 2010-cu ildə N. Əliverdibəyov adına Gənc ifaçılarının V ümumşəhər müsabiqəsində lll yerə layiq görülüb. 2011-ci ildə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Milli musiqi alətləri ifaçılarının Respublika festivalında l yerin qalibi, 2012-ci ildə görkəmli tarzən, Xalq artisti Ə. Bakıxanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Musiqi Kolleci tələbələri arasında Tar ifaçılarının muğam müsabiqəsinin qalibi, 2012-ci ildə görkəmli bəstəkar, SSRİ Xalq artisti F.Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçılarının Respublika müsabiqəsində l yerin qalibi olub, milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində lll yerə layiq görülüb.

O, S.Ələsgərov Mədəniyyət Fondu tərəfindən mükafat və təqaüdə layiq görülüb, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ali təhsil müəssisələri tələbləri arasında musiqi ifaçılarının müsabiqəsində l yer, 2019-cu ildə Qazaxıstanda keçirilən “Fiestalonia-Almaty” Beynəlxalq müsabiqəsində l yerin qalibi olub, həmin ildə dünya şöhrətli müğənni Sami Yusufla uğurlu konsert çıxışına görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Cahandar Xanlarov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə L.və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbini kamança sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyasına daxili olub, 2016-cı ildən bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. 2018-ci ildə həmin universitetdə magistr təhsili almağa başlayıb, 2020-ci ildə təhsilini başa vurub.

C.Xanlarov 2010-cu ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən ll Respublika müsabiqəsində l dərəcəli diploma layiq görülüb, 2010-cu ildə Mərakeşin Rabat şəhərində keçirilən Mədəniyyət və incəsənət festivalının qalibi olub. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci il dönümünə həsr olunmuş festivalda l dərəcəli diplom, 2013-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində l dərəcəli diplomla təltif edilib, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan səninlədir – Sənsiz deyil” lll yaradıcılıq müsabiqəsinin qalibi olub.

2013-cü ildə C.Xanlarovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2015-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Qolosa Zolotoy stepi” adlı Beynəlxalq müsabiqəsində ll dərəcəli diplom, 2016-cı ildə İspaniyanın Lloret de Mar şəhərində keçirilən “Qran Flesta” Beynəlxalq incəsənət festivalı və müsabiqəsində ll dərəcəli diplomla təltif edilib, 2017-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.