Görkəmli bəstəkar, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 100 illiyi tamam olur.Bu münasibətlə mədəniyyət nazirinin müavini Elnur Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın adını daşıyan 15 nömrəli Uşaq musiqi məktəbinin kollektivi və musiqi ailə üzvləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev mərasimdə çıxış edərək Rauf Hacıyevin musiqi mədəniyyətimizdəki yerindən və yolundan danışdı. Qeyd etdi ki, sənətkarın zəngin yaradıcılıq irsi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 13 aprel 2022-ci il tarixdə Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam bu diqqətin bariz nümunəsidir. İl ərzində böyük musiqi xadiminin yubileyi ilə bağlı müxtəlif tədbirlər təşkil olunacaq, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə bir daha nəzər salınacaq.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı Turan Məmmədəliyeva bildirib ki, Rauf Hacıyev müxtəlif janrlarda, o cümlədən simfoniya, oratoriya və kantatalar ərsəyə gətirib, uğurlu səhnə təcəssümünü tapmış operettalar yazıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və bu janrın inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak edib, 1965–1971-ci illərdə Azərbaycan SSRİ-nin mədəniyyət naziri işləyib.
Qeyd edək ki, Rauf Hacıyevin "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında", "Romeo mənim qonşumdur" operettaları, "Yallı", "Ləzgihəngi" baletləri, "Şeyx Sənan", "Səbuhi" "Həzi Aslanov" simfonik poemaları, “Səməd Vurğun” kantatası və digər əsərləri bəstəkarın yaradıcılığının zənginliyindən xəbər verir. Müəllifin “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və s. mahnıları müğənnilərin repertuarında geniş yer tutub.
Rauf Hacıyev “Əhməd haradadır?”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. filmlərə yaddaqalan musiqilər yazıb.