Mayın 13-də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin vəfatından 40-cı ildönümü ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində "Dahisiz keçən 40-cı ilimiz" adlı konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 85 illiyi də qeyd edilib. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açaraq, dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Bildirib ki, Qara Qarayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olub. O, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verib. Q.Qarayev Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərinə, bir sıra teatr tamaşalarına musiqi yazıb.
Tədbirdə çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxivlərində mühafizə olunan, Qara Qarayevin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.
Daha sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya musiqisi tarixində əvəzsiz xidmətlərinə diqqət yetirib və rəhbəri olduğu məktəbin 85 illik fəaliyyəti dövründə əldə etdiyi uğurları haqqında danışıb.
Tədbir məktəbin müəllim və şagirdlərinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edilib.