Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında geniş konsert proqramı ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov BMM-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 27-dən mayın 2-dək davam edən festivalda Azərbaycanı solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr, Xalq artisti Mənsum İbrahimov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil ediblər. Solistlərin festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb. BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. 30 ölkənin nümayəndəsinin iştirak etdiyi və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb. Festivalın ikinci günü təşkilatçıların təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.
Murad Hüseynov vurğulayıb ki, Özbəkistanın mədəniyyət naziri azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edib: “Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər.
Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşərək deyib: “Çıxışlarımız çox böyük rəğbətlə qarşılandı. Konsertlər zamanı bizə Özbəkistanın milli geyimləri təqdim edildi. Özümüzü heç yad hiss etmədik. Konsertin təşkilatçılarına təşəkkür edirəm”.
Digər solistlər də səfər təəssüratlarını bölüşüb və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.