Amerikada Firəngiz Əlizadənin yubiley konsertləri keçirilib

 

Musiqimiz sərhədləri aşmaqdadır. Hələ ilin əvvəlində elan olunmuş ABŞ-ın “Kronos” kvartetinin festivalı apreldə, onların doğma şəhəri San-Fransiskodan start götürərək, Kaliforniyanın bir neçə şəhəri - Los-Anceles, San Dieqo və Sakramentoda davam etdirilir. 

 

Kvartetin saytında qeyd edildiyi kimi festivalın proqramında xüsusi olaraq ansambl üçün bəstələnmiş əsərlər səsləndiriləcək.

AzərTAC xəbər verir ki, Morton Feldman və Stiv Rayxın əsərləri ilə yanaşı Firəngiz Əlizadənin üç əsəri – “Muğam Sayağı”, “Oasis” və “Dance” proqramda əsas yer tutur.

Məşhur bəstəkarın yubileyi onun yalnız kamera əsərləri ilə qeyd olunmur. Simfonik orkestr üçün yazılmış əsərlərə də proqramda geniş yer verilib. Almaniyada uğurlu premyerası baş tutan “Sommer-Eindruck” və İngiltərədəki “NİZAMİ Cosmology” misteriyası ilə yanaşı, ABŞ-ın Sent Luis şəhərində Amerikanın məşhur simfonik orkestri St.Louis Symphony Orchestranın ifasında iki gün ərzində ardıcıl olaraq Azərbaycan bəstəkarının “Nağıllar” əsəri səslənib. Povell Hall konsert zalının dinləyicilərlə dolu məkanında tanınmış Ukrayna dirijoru Kirill Karabitsin təqdim etdiyi maraqlı simfonik konsert alqışlarla qarşılanıb.

S.Prokofyevin Beşinci simfoniyası və Argentina bəstəkarı Alberto Xinasteranın fortepiano konserti ilə yanaşı, Firəngiz Əlizadənin füsunkar “Nağıllar”ı səslənib.

Amerikalı jurnalist Fred Blumenthal qeyd edib ki, bu gecənin konsert proqramında yeganə “canlı” bəstəkar olan F.Əlizadə artıq klassiklər dəstəsinə aiddir. St. Louis Symphony Orchestra ifasında ilk dəfə səslənən bu əsər, Fred Blumenthalın göstərdiyi kimi aydın musiqi dilinə, parlaq orkestrləşməyə və tembr boyaları seçimində ixtiralara malikdir. Məlum olduğu kimi “Nağıllar”ı bəstəkar İsveçrə Beynəlxalq Festivalı “Luzerne Musikfestwochen” üçün yazıb və ilk dəfə 2005-ci ildə Finlandiya dirijoru Süzanna Myayalkinin rəhbərliyi ilə Sviss Symphony Orchestr tərəfindən ifa edilib. Lyutsern premyerasından sonra bu əsər dəfələrlə Avropanın ən nüfuzlu orkestrlərinin ifasında səslənib.

F.Əlizadənin yubiley konsertləri davam etdikcə “ciddi”, eləcə də maraqlı musiqi həvəskarlarına yeni sevinclər bəxş edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.