Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi anılıb

 

Aprelin 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli bəstəkarın həyat və fəaliyyəti haqqında danışıb.

Bildirib ki, Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb. Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır.

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı Fikrət Əmirovun zəngin yaradıcılıq yolu haqqında məlumat verib. Onun çıxışı muzeyin zəngin materialları əsasında hazırlanmış videoçarx ilə müşayiət olunub.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova ilk dəfə olaraq görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında yazılmış “Nüşabə” operasından (libretto müəllifi Abdulla Şaiq) musiqi nömrələri təqdim olunub.

Sonra Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə bu mövzu ətrafında çıxış edib.

Tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova müəllifi olduğu “Azərbaycan bəstəkarlarının opera, müzikl və musiqili komediyalarından soprano üçün seçilmiş ariyaları” kitabını muzeyə bağışlayıb.

Tədbir konsert proqramı ilə davam edib

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.