“Avroviziya-2022” də Azərbaycanın səhnə tərtibatını danimarkalı rejissor hazırlayacaq

 

Bu il “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb. AzərTAC xəbər verir ki, bu, yüksək keyfiyyətli, baxımlı və yadda qalan performansları ilə Avropada və dünyada məşhur olan danimarkalı Mads Enqqaarddır.

 

Mads Enqqaard “Avroviziya" aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.

Azərbaycan təmsilçisi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgi ilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.

Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.

Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilən Pre-Party-dən dərhal sonra quruluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.