Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfovanın “Xarıbülbül-milli simvolumuz adlı kolleksiyasının təqdimatı keçirilib. Geyimlər sərgi formatında nümayiş olunub.
Fəxriyyə Xələfova AzərTAC-a müsahibəsində bildirib ki, müqəddəs savaşın möhtəşəm zəfərindən sonra incəsənətin bir çox istiqamətlərində “Qarabağ” mövzusu ən aktual mövzulardan biridir. Artıq “Qarabağ şahzadəsi” adlı bir geyim kolleksiyam nümayiş olunub. Kolleksiyada İbrahimxəlil xanın sevimli qızı Ağabəyim ağanın Fətəli şahın xanımının obrazı vəsf olunub. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşayıb. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirib. Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:
"Vətən bağı” al-əlvandı,
Yox içində "Xarıbülbül”!
Ömür sürməli dövrandı,
Səsin gəlsin barı, bülbül...
Sərgi vasitəsilə təqdim etdiyim kolleksiyamı isə “Xarıbülbül-Çiçəklənən arzularımız” adlandırmışam. Xarıbülbül çiçəklərin baş tacıdır!...Şuşa dağlarında yetişən qeyri-adi bir güldür.
Bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir.
“Xarıbülbül artıq bizim libaslarımızda, ipək şarflarımızda çiçək açıb. Xaribülbül gülü planetin 10 nadir çiçəkləri siyahısındadır. Təbii ki, Xarıbülbül çiçəyinin müxtəlif versiyalarda təsviri müasir geyimlərdə böyük maraq doğurur. Müxtəlif parçaların üzərində təsvir etmək üçün artıq Xarıbülbül çiçəyinin ilk tekstil nümunəsini yaratmışam. Həmçinin kolleksiyamda təqdim etdiyim əsas istiqamət “Qarabağ” kəlağayılarıdır. Digər xanlıqlarda olduğu kimi, Qarabağda da kəlağayılar istehsal olunurdu. Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olublar. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılara üstünlük verərdilər. Qarabağ xanlığında milli geyimlərimizdə xüsusi sənətkarlıq nümayiş olunub. İncəsənət, memarlıq, tətbiqi incəsənət Qarabağda çox inkişaf etmişdir. Bu gün Qarabağ kəlağayılarını müasir üslubda istehsal etmək, qədim naxışları bərpa etmək lazımdır. Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da şöhrət qazanıb. Məqsədimiz dünyaya “Qarabağ kəlağayısı” brendini təqdim etməkdir. Sərgidə təqdim etdiyim kolleksiyamda mənim ilk nümunələrim nümayiş olunur. Sərgi zamanı tamaşaçılar Qarabağ kəlağayılarına çox maraqla diqqət yetirdilər və artıq hər kəs onlardan istifadə etmək istəyir. Həmçinin Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız da çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər. Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılar “Qarabağ kəlağayısı” brendi olaraq müxtəlif moda festivallarında dünya ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanacaq”,- deyə F.Xələfova qeyd edib.