Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin direktoru Nazim Kazımovun 75 illik yubileyi qeyd olunur. Ömrün 75 ili. Bu xatirə dolu adamla AMK-da Elmi Şurada tez-tez görüşürük. İlk əvvəl onun həqiqəti sevməyi, nəcibliyi insanı cəlb edir. Yalnız Bakı Musiqi Kollecinə getdiyim gün isə onun iç dünyasını özüm üçün kəşf etdim. İnsanın daxili aləminin xeyirxah və zəngin olması çox əsasdır.
Haqqında
Nazim Kazımov 1950-ci il aprelin 4-də Naxçıvanda anadan olmuşdur. 1966-1970-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində də təhsil almışdır.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (ADK) Xalq musiqisi fakültəsində, xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində tar ixtisası üzrə təhsilini davam etdirmişdir. Nazim Kazımov 1978-ci ildə konservatoriyanı bitirmiş və təyinatla Əli Bayramlı musiqi məktəbinə göndərilmişdir. Burada 4 il müəllim və direktor müavini kimi fəaliyyət göstərmiş, 1981-1984-cü illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim vəzifəsində işləmişdir.
1984-cü ildən 1992-ci ilədək Əli Bayramlı Musiqi Məktəbində direktor vəzifəsini icra etmişdir. 1992-ci ildən etibarən isə Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini kimi çalışmışdır.
2001-ci ildə Nazim Kazımov, vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - sonradan Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunmuşdur. O, geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. O, həmçinin ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindəndir.
Nazim Kazımovun pedaqoji fəaliyyəti çox genişdir. 1993-2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim olaraq fəaliyyət göstərmiş, 1997-ci ildə həmin kafedranın dosenti seçilmişdir. Hazırda isə Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.
Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona Əməkdar İncəsənət Xadimi fəxri adı və Təhsil Nazirliyinin "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı verilmişdir. Daha sonra 30 dekabr 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının yaranmasının "20 illik" münasibətilə Cənab prezident onu ll dərəcəli "Əmək" ordeni ilə təltif etmişdir.
Düşüncələrim
Nazim Kazımovla tanışlığım bir anlıq idi, amma bu tanışlıq mənim üçün çox dərin və əhəmiyyətli oldu. Onunla söhbət etməyə başladıqca, bir anda anladım ki, bu insan yalnız musiqi təhsilinin deyil, həm də həyatın incəliklərini dərindən dərk edən biridir. Onun hər bir kəlməsi, hər bir sözü sənətə olan sevgi ilə doludur. Onun iç dünyası sanki bir açıq kitab kimidir – hər səhifəsi həyat dərsləri ilə, hər sətiri isə insanlıq dəyərləri ilə yazılmışdır.
Nazim Kazımovun həyatına nəzər yetirdikdə, onun musiqi dünyasında və təhsildəki böyük uğurlarını görmək mümkündür. 75 illik ömrü boyunca çoxsaylı musiqiçilər yetişdirib, Azərbaycan musiqi mədəniyyətində dərin izlər buraxıb. Ancaq mənim üçün onu özəl edən yalnız sənətkar olaraq nailiyyətləri deyil, həm də müəllimlik fəlsəfəsidir. O, sadəcə bir pedaqoq deyil, eyni zamanda bir həyat müəllimidir. Hər dəfə onu gördükdə, bir daha hiss edirəm ki, onun əhatəsində olmaq, ondan nəsə öyrənmək, özünü inkişaf etdirmək tələbələri üçün bir xoşbəxtlikdir.
Söhbətimiz zamanı ona olan böyük ehtiram və sevgi onun gözlərindəki parıltıda əks olunur. Nazim Kazımov hər zaman ustadlarından, musiqi müəllimlərindən, elmi rəhbərlərindən söz açarkən, onların üzərindəki izi unutmur. Onun yaddaşında bu sənətkarların hər biri böyük hörmətlə xatırlanır. Bu, onun sənətə və müəllimliyə olan möhkəm bağlılığını bir daha göstərir. Hətta görmə qüsurlu ilk tar müəllimini unutmamağı, ona olan hörməti, ona duyduğu sevgi və minnətdarlığı necə gözəl ifadə etdiyini eşidəndə, düşündüm ki, sənətə, müəllimlərə belə dərin hörmət və məhəbbət yalnız böyük insanlarda mövcuddur.
Nazim Kazımov öz müəllimlərinə qarşı göstərdiyi sədaqət və ehtiramla həm də bizə örnək olur. O, müəllimlik sənətinə olan sevgi və bağlılığı ilə təkcə öz tələbələrini deyil, bütün musiqi dünyasını təsirləndirib. Bu sədaqət onun həyatına işıq salan bir yol olub və o, hər zaman bu yola, bu düşüncəyə sadiq qalır.
Üzeyir Hacıbəyovun adını tez-tez çəkməsi və gözlərində sevincin yaranması, onun musiqi təhsilinin tarixindəki böyük rolunu bir daha vurğulayır. Üzeyir Hacıbəyovun tələbələri Səid Rüstəmov və Süleyman Ələskərovun adlarını çəkir, xatirələri gözəlləşdirir, bəzəyir və yaşada
bilir.
Nazim Kazımovun öyrətdiyi hər bir dərs, verdiyi hər bir tövsiyə onun özünün bu sənətə olan dərin sevgi və bağlılığından doğur. Elmi rəhbərlərinə qarşı sədaqəti üzümdə təbəssüm yaratdı. İnsanın tanıdığı dahi sənətkarların həyatından keçib getməsini tez-tez yadıma salır. Müəllimlərinin ona qayğısı onda müəllimlik sənətinə böyük sevgi yaradır və birbaşa gələcəyinə təsir edib. Universitetdə Mir Cəlal Paşayev və Bəxtiyar Vahabzadədən danışır. Unudulmaz olan müəllimlərini sevərək yada salır.
Bu dahi sənətkarların yol göstərdiyi Nazim Kazımov sadəcə bir müəllim olmadı, həm də bu sənətin müqəddəsliyini, onun içindəki həqiqəti aşkar etməyə çalışan bir izdir. O iz ki, bu günə qədər davam edir. Onun rəhbərliyi altında Bakı Musiqi Kolleci bir çox istedadlı musiqiçilər yetişdirmiş və bu kollecin məzunları ölkə musiqi mədəniyyətinə dəyərli töhfələr vermişlər.
Nazim Kazımovun 75 illik yubileyində onun həyat yolunun hər addımında dərin bir musiqi sevginin, insanlıq dəyərlərinin və böyük bir təhsil missiyasının izləri qalır. Bu izlər isə yalnız musiqi dünyasında deyil, həm də hər birimizin həyatında özünü hiss etdirir. Onun həyatı və fəaliyyəti, bizə bir daha xatırladır ki, sənət yalnız ifa edilən musiqi deyil, eyni zamanda insanın iç dünyasında formalaşan, həyatın hər anında yaşanılan və başqalarına ötürülən bir dəyərdir. Nazim Kazımov bu dəyərin canlı nümunəsidir.
Nazim Kazımovun yazdığı kitablar, metodiki vəsaitlər, musiqi təhsilinə verdiyi töhfələr barədə yetərincə məlumat var. Bütün bunlarla yanaşı Nazim Kazımov həm də Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsində təhsil almışdır. Onun ədəbiyyatı bilməyi müəllimlik peşəsində və nitqində özünü biruzə verir. Mən bunu çox böyük əminliklə deyə bilərəm ki, Nazim Kazımov kimi ziyalılar həm müəllimlər üçün, həm də tələbələr üçün bir məktəbdir.
Bu əvəzolunmaz sevgidir: tələbə-müəllim sevgisi, ustad və sənət şehri. Nazim Kazımov Azərbaycanın Milli musiqisinin təhsili və inkişafında öz yeri, öz dəsti-xətti olan bir ictimai xadimdir. Onun varlığı dəyərdir.
Əməkdar İncəsənət Xadimi AMK nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımovu bir daha təbrik edirik. Ona yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)