SSRİ-yə səs salan “Qarabağ bülbülləri” ansamblını kim yaradıb? Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Orta və yuxarı yaşlılar yaxşı xatırlayarlar, bir vaxtlar vardı, həqiqətən də, yeniyetmələrimiz SSRİ-yə səs salan “Qarabağ bülbülləri” ansamblında təmsil olunurdular. Bəs o ansamblı kim və necə yaratmışdı? Mən ərz edim, siz də qulaq asın.

 

Murad Yunis oğlu Rzayev 7 dekabr 1947-ci ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3 nömrəli orta məktəbə daxil olub, 1964-cü ildə həmin məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində kino qurğusunda motorçu, yəni fəhlə işləyib, həmçinin kiçik yaşlarından Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynayıb, respublika Teatr Cəmiyyətinin fəxri fərmanına və diplomlarına layiq görülüb. Həmin ildə Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumunun Xor-dirijorluq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin məktəbin tam kursunu bitirib. Həmin ilin noyabrında hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1970-ci ildən 1971-ci ilin may ayına kimi Ağdam rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb, tamaşalara musiqi tərtibatı verib və eyni zamanda bir çox tamaşalara musiqi yazıb.

Respublika Komsomol Komitəsinin təqdimatına əsasən1977-ci ildə Zaqafqaziya Komsomol məktəbinə qiyabi qəbul olub, 1979-cu ildə oranı əla qiymətlərlə bitirib. Həmin ildə də Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsinə qəbul olub, 1984-cü ildə universiteti bitirib. 1971-ci ildən Ağdam rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam rayon Pioner və Məktəblilər Evinə (hazırda Uşaq Yaradıcılıq Mərkəzi) direktor təyin olunub.Rayonda ilk dəfə müəllim və şagirdlərdən ibarət xor qrupu və estrada orkestri yaradıb.

Bəli, zənniniz sizi aldatmır. Murad Rzayev barədə boşuna söz açmıram ki. rayon Pioner və Məktəblilər Evinə direktorluq etdiyi meddətdə məktəbin nəzdində "Qarabağ bülbülləri" adını almış məşhur ansamblı yaradıb.

İşlədiyi müddətdə Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblı respublikanın mədəni-kütləvi tədbirlərində, o cümlədən bir sıra xarici ölkələrdə çıxış edib və qazandığı nailiyyətlərə görə həm Murad müəllim, həm də kollektiv keçmiş Sovet İttifaqı Mərkəzi Komitəsinin, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin, Ağdam Rayon Partiya Komitəsinin, Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin, Pioner Təşkilatı Mərkəzi Komitəsinin, Ümumittifaq Pioner Təşkilatının döş nişanına, Təhsil Nazirliyinin fəxri diplomuna, Ümumittifaq Baxış müsabiqələrinin diplomlarına, Ümumittifaq Xor Cəmiyyətinin döş nişanına, II Beynəlxalq Musiqi Festivalının diplomuna, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının fəxri diplomuna, Qafqaz-Media İctimai Birliyinin diplomuna, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının diplomuna, Respublika Xalq Yaradıcılığı festivallarının diplomuna, Azərbaycan Dövlət Televiziyasının fəxri diplomuna, milli muğam sənətinin təbliği və inkişafındakı xidmətlərinə görə "Milli Muğam Musiqisi " mükafatına, "Əsrin Ziyalısı" fəxri diplomuna, o cümlədən rayon İcra Hakimiyyətinin fəxri fərmanına və hədiyyələrinə, Daxili və Sərhəd Qoşunlarının cəbhə bölgələrindəki "N" saylı hərbi hissələrinin fəxri fərmanlarına, müxtəlif dövlət təşkilatlarının musiqi festivallarının 5 ədəd laureat medalına layiq görülüblər.

Murad Rzayevin müəllifi olduğu onlarla mahnı respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda respublikanın Xalq artistləri Mirzə Babayev, Qədir Rüstəmov, Flora Kərimova, Oqtay Ağayev, Əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah və digər tanınmış müğənnilərin ifasında səslənib. Həmçinin, M.Rzayevin vaxtilə Tacir Şahmalıoğlunun (yeri gəlmişkən, Tacir də məşhur ansamblın yetirməsidir) ifasında səslənən "Bayatı-Şiraz" muğamına etdiyi improvizə bu gün də Azərbaycanın bir çox dövlət tədbirlərində, müsabiqələrində səslənir.

Böyük şöhrət qazanmış “Qarabağ bülbülləri” barədə 1977-ci ildə eyniadlı film çəkilibdir. Film Qarabağın dahi müğənnilərinin, muğam ustalarının yolunu davam etdirən gənc xanəndələrə həsr olunmuşdur. Kinolent gənc müğənnilərin məlahətli mahnılarının sədaları altında gözəl Qarabağın tarixi yerlərini, təbiətini əsrarəngiz gözəlliklərini əks etdirir.

Ümumilikdə, ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. Murad müəllimin rəhbərlik etdiyi ansambl haqqında onlarla kitablar nəşr olunub. Pedaqoji fəaliyyətə başladığı illərdən etibarən və "Qarabağ bülbülləri" ansamblı yarandığı gündən M.Rzayevin həyat və pedaqoj fəaliyyətini, eyni zamanda ansamblın işini özündə əks etdirən yüzlərcə videokasetlər, disklər işıq üzü görüb. Gənc nəslin təlim, vətənpərvərlik və estetik tərbiyəsinə görə 1993-cü ildə Təhsil Nazirliyinin kollegiyasında iş təcrübəsi müzakirə edilərək ustada təşəkkür edilib və bu barədə "Azərbaycan müəllimi" qəzetində geniş material dərc olunub. 1988-ci ildə Murad Rzayevin Ağdam rayon Mədəniyyət Sarayında 40, 2007-ci ildə 60, 2012-ci ildə isə 65 illik yubileyi isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli ziyalılarının, millət vəkilləri, şair, yazıçı, incəsənət xadimlərinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub.

“Qarabağ bülbülləri” ansamblı Azərbaycan mədəniyyətinə Məhərrəm Qasımov, Gülçöhrə Quliyeva, Xanım Abdullayeva, Tacir Şahmalıoğlu, Nazim Zeynalov, Bəhram Məmmədov, Araz Hüseynov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Fehruz Səxavət, İlhamiz Paşayev, Arzu Fərhadov kimi sənətkarlar bəxş edibdir.

78 yaşlı Murad müəllimə cansağlığı, yenidən qurulan doğma Ağdamda firəvan yaşamağı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.