“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Əlixan Səmədov olub

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzə istinadən bu barədə AZƏRTAC  məlumat yayıb. Məlumatda bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.

Tədbirdə AZAL şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və musiqi məktəbinin direktoru Vəfa Həziyeva layihənin əhəmiyyətindən danışıblar.

Əlixan Səmədov 60 illik yubileyi ərəfəsində baş tutmuş görüşdə həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyəti, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti istiqamətində söhbət aparıb. Ustad balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunması zərurətindən, həmçinin müasir təbliğat və təşviqat vasitələrindən danışıb.

Sənətkar və musiqi məktəbinin IX sinif şagirdləri musiqi əsərləri ifa ediblər. Təbii ki, matəm içində olmağımız nəzərə alınmaqla bu musiqilərin hamısı hüzün dolu olub. 

 

Ustad dərsi formatında keçirilmiş tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.