Könül, “Ədəbiyyat və incəsənət”
Düzdür, bu matəmli günlərimizlə mövzumuz səslənməsə də, yenə də böyük bir sənətkarı xatırlamağa borcluyuq.
Rəqsi hər birimiz sevirik. Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələri barədə isə demək olar, bilgisizik.
Kimləri tanıyırıq bu sənətə xidmət edənlərdən?
Yəqin ki, 2-3 ad ancaq çəkə biləcəyik. Amma bir adı hamımız çəkəcəyik - rəqa sənətimizin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərən Əminə Dilbazi!Öz fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirən, fitri istedada malik bu xanım rəqs tariximizə adını qızıl hərflərlə yazdırıb.
Görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazi 1919-cu ildə şeir-sənət ocağı olan Qazax mahalında dünyaya göz açıb. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi çalışıb və müxtəlif illərdə rəqs qruplarına rəhbərlik edib.
Müəllimlik fəaliyyətinə isə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. Sonralar uzun illər Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın təşəkkülünə sərf edib, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməyib. Bununla da milli rəqs məktəbinin püxtələşməsi prosesinə böyük töhfələr verib.
Mahir ifaçı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışıb.
Görkəmli ifaçının fəaliyyəti boyu repertuarı hər zaman öz rəngarəngliyi ilə səciyyələnib. O, bir çox filmlərdə rəqslərə quruluş verib. Mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib.
Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.
Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında da özünəməxsus rol oynayıb.
Tanınmış rəqqasə 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub.
Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət Hacıyev kimi görkəmli musiqiçinin həyat yoldaşı olub.
2010-cu il aprelin 30-da haqq dünyasına qovuşan Əminə Dilbazi unudularmı, əlbəttə yox.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)